CƏMİYYƏT
Azərbaycan səfiri Ukrayna Diplomatik Akademiyasında mühazirə oxuyub
Kiyev, 19 oktyabr, AZƏRTAC
Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Diplomatik Akademiyada professor və müəllim heyətinin iştirakı ilə geniş tələbə auditoriyası qarşısında mühazirə oxuyub.
Regional təhlükəsizlik məsələləri mövzusunda mühazirədə səfir, eyni zamanda, Azərbaycan-Ukrayna münasibətlərinin müasir vəziyyətinə də toxunub, tələbələrin suallarını cavablandırıb.
A.Xudiyev 2011-ci ildə bitirdiyi Ukrayna Diplomatik Akademiyası ilə bağlı təəssüratlarını və xatirələrini tələbələrlə bölüşüb.
Mühazirədən əvvəl səfir akademiyanın rektoru, professor Vyaçeslav Tsivatiy ilə görüşüb.
Görüşdə akademiya ilə səfirlik arasında əməkdaşlıq imkanları, xüsusilə birgə tədbirlərin və sərgilərin keçirilməsi məsələsi müzakirə edilib. Eyni zamanda, ADA Universiteti ilə Ukrayna Diplomatik Akademiyası arasında münasibətlərin daha intensiv və geniş formatda, həmçinin birgə layihələrə əsaslanan əməkdaşlıq üzrə istiqamətləri barədə fikir mübadiləsi aparılıb.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev