SİYASƏT


Azərbaycan səfiri Ukraynanın tanınmış nəşrinə müsahibəsində Ermənistanın törətdiyi təxribatlardan danışıb

Kiyev, 24 iyul, AZƏRTAC

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli çox uzanır, Azərbaycan xalqının səbri isə tükənməkdədir. Azərbaycan münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli hüququnu özündə saxlayır.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev bu ölkənin tanınmış “QORDON” nəşrinə müsahibəsində deyib.

Səfir qeyd edib ki, ATƏT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini öz üzərinə götürsə də, hələ də haqq-ədalətin bərpası üçün real addım atmır. ATƏT-də hazırkı situasiyanın həlli üçün dəqiq mexanizm yoxdur.

Diplomat qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin ən faciəvi səhifəsi Xocalı soyqırımıdır. 600-dən çox insanın, o cümlədən qadın və uşaqların qətlə yetirildiyi Xocalı soyqırımının 25 ili tamam oldu. Qarabağda separatçılıq hərəkatının liderlərindən olmuş Ermənistanın hazırkı prezidenti Serj Sarkisyanın əli dinc azərbaycanlıların qanına batıb. Səfir buna sübut olaraq Sarkisyanın ingilis jurnalisti Tomas de Vaala müsahibəsində dediklərini xatırladıb: “Xocalıya qədər Azərbaycan tərəfi elə bilirdi ki, bizimlə zarafat eləmək olar. Onlar elə düşünürdülər ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıracaq insanlar deyil. Biz bu anlayışa (stereotipə) son qoyduq”. Belə bir şəxsdən konstruktiv mövqe gözləmək olarmı?

Azərbaycanın torpaqlarının hələ də işğal altında olduğunu vurğulayan səfir bildirib ki, Ermənistan tərəfi cəbhə xəttində mütəmadi təxribatlar törədir, hər gün Azərbaycan Ordusunun mövqelərini, yaşayış məntəqələrini və mülki şəxsləri müxtəlif silahlardan atəşə tutur.

“Bu yaxınlarda erməni silahlı birləşmələrinin Füzulinin Alxanlı kəndi istiqamətində açdığı atəş nəticəsində iki yaşlı Zəhra və onun nənəsi həlak olub. Heç kim zamin dura bilməz ki, bu faciə təkrarlanmayacaq. Çünki Ermənistan BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə dair 4 qətnaməsini yerinə yetirmək istəmir və təxribatçı əməllərini davam etdirir”, - deyə diplomat bildirib.

Səfir müsahibəsində, həmçinin ötən ilin aprel hadisələrindən, Azərbaycanın güclənən ordusundan, Azərbaycan və Ukrayna arasında ikitərəfli əlaqələrdən, mövcud problemlərin aradan qaldırılmasının vacibliyindən də danışıb.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.