SİYASƏT
Azərbaycan səfiri etimadnaməsini Malinin Prezidentinə təqdim edib
Bakı, 6 iyun, AZƏRTAC
Azərbaycan səfiri Tarik Əliyev etimadnaməsini Malinin Prezidenti İbrahim Bubakar Keytaya təqdim edib.
Azərbaycanın Mərakeşdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, Mali Prezidenti İbrahim Bubakar Keyta birinci xanım Keyta Aminata Mayqa ilə birlikdə IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə ölkəmizə səfəri zamanı ona göstərilmiş qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib.
Görüşdə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində bir milyondan artıq azərbaycanlının öz doğma torpaqlarından qaçqın və məcburi köçkün düşməsi Mali Prezidentinin diqqətinə çatdırılıb, bu ağrılı məsələnin regionda əmin-amanlığın bərqərar olunmasına və daha sürətli inkişafa maneələr yaratdığı bildirilib.
Söhbət zamanı iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb, ikitərəfli əlaqələrin inkişafı üçün böyük potensialın mövcud olduğu vurğulanıb.
Mali Prezidenti İbrahim Bubakar Keyta salamlarının və xoş arzularının Azərbaycan Prezidenti İlham Əliyevə çatdırılmasını xahiş edib. Ölkəmizlə münasibətlərin inkişafında maraqlı olduğunu vurğulayan Mali Prezidenti səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.