SİYASƏT
Azərbaycan səfiri etimadnaməsinin surətini Braziliya Xarici Əlaqələr Nazirliyinin baş katibinə təqdim edib
Bakı, 2 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov etimadnaməsinin surətini Braziliya Xarici Əlaqələr Nazirliyinin baş katibi səfir Markos Qalvaoya təqdim edib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, M.Qalvao E.Poluxova yeni vəzifəsində uğurlar arzulayaraq, onun ölkələrimiz arasında əlaqələrin daha da güclənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
E.Poluxov Azərbaycanın Braziliyada səfiri vəzifəsinə təyin edilməsindən məmnunluq duyduğunu və burada çalışdığı müddətdə ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi üçün səy göstərəcəyini vurğulayıb.
Söhbət zamanı ikitərəfli əlaqələrin hazırkı vəziyyətinə və konkret sahələr üzrə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi perspektivlərinə dair fikir mübadiləsi aparılıb.