SİYASƏT


Azərbaycan səfirliyi Çində növbəti erməni təxribatının qarşısını alıb

A+ A

Pekin, 20 sentyabr, AZƏRTAC

Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyi ermənilərin növbəti təxribatının qarşısını alıb. Xarici ölkələrdə ictimai fikrin çaşdırılması istiqamətində vaxtaşırı müəyyən işlər görməyə çalışan ermənilər bu dəfə Çində belə bir addım atmağa cəhd ediblər. Belə ki, Şanxay şəhərindəki Şərqi Çin Pedaqoji Universitetində Rusiya Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə “Xristianlığın əsasları” adlı seminarın proqramına “İnanc və ənənə: Erməni Apostol kilsəsi, Ermənistanda və Dağlıq Qarabağda icma quruculuğu” mövzusunda mühazirə daxil edilmişdi. Tədbirin proqramına əsasən həmin mühazirəni Yaponiyadan dəvət olunmuş mütəxəssis Kimitaka Matsuzato və erməni əsilli lektor Stefan Danielyanın aparması nəzərdə tutulurdu.

Şanxay şəhərində yaşayan və elmi işlə məşğul olan soydaşlarımız məsələ barədə Azərbaycanın Çindəki səfirliyini məlumatlandırdıqdan sonra diplomatik nümayəndəliyimiz universitetin rektoruna məktub ünvanlayaraq mövzu ilə bağlı ətraflı məlumat verib, məsələnin mahiyyətinin yüksək dini amalların təbliğinə deyil, ermənilərin qanunsuz ərazi iddialarına söykəndiyini qeyd edib. Tədbirin keçirilməsinin Azərbaycan-Çin ikitərəfli münasibətlərinin ruhuna uyğun gəlmədiyi nəzərə çatdırılıb və həmin mühazirənin seminarın proqramından çıxarılması xahiş edilib. Bundan başqa, erməni kilsəsinin Qafqazdakı fəaliyyətinin tarixi ilə bağlı tutarlı, təkzibedilməz sənədlər universitet rəhbərliyinə təqdim olunub.

Şərqi Çin Pedaqoji Universitetinin rəhbərliyi məsələnin mahiyyətini öyrəndikdən sonra sözügedən mühazirəni tədbirin proqramından çıxarmağı qərara alıb. Bununla əlaqədar, universitet rektorunun Azərbaycan səfirliyinə göndərdiyi məktubda həmin mövzunun başqa mövzu ilə əvəz olunduğu bildirilib və səfirliyə əməkdaşlıq üçün təşəkkür edilib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.