MƏDƏNİYYƏT
Azərbaycan səfirliyi Macarıstanda xeyriyyə yarmarkasında iştirak edib
Budapeşt, 1 dekabr, AZƏRTAC
Macarıstanda akkreditə olunmuş diplomatların xanımlarının təmsil olunduğu Diplomat Xanımları Budapeşt təşkilatının təşəbbüsü ilə Yeni il qabağı sayca beşinci xeyriyyə yarmarkası təşkil edilib.
Macar ictimaiyyətinin böyük maraq göstərdiyi tədbir Macarıstan Prezidentinin xanımı Anita Herseqin himayədarlığı ilə keçirilib. Tədbirdə 40-dan çox ölkənin səfirlikləri, müxtəlif mədəniyyət mərkəzləri və digər qurumlar iştirak ediblər.
Azərbaycanın Macarıstandakı səfirliyi hər il olduğu kimi, bu il də tədbirə qatılıb. Səfirin xanımı Şəhla Vəzirovanın, diplomat xanımlarının və Budapeştdəki Azərbaycan icması təmsilçilərinin fəal iştirakı ilə Azərbaycan milli mətbəxinin, tətbiqi-dekorativ sənət nümunələrinin xeyriyyə məqsədilə satışı və tanıdılması təşkil edilib.
Tədbir çərçivəsində modelyer-dizayner Leyla Cəbrayılqızının Azərbaycan qadın milli geyimlərindən ibarət kolleksiyası milli musiqimizin sədaları altında tamaşaçılara təqdim edilib və böyük rəğbətlə qarşılanıb. Nümayişi izləyən və xoş təəssüratlarını dilə gətirən Macarıstan Prezidentinin xanımı Azərbaycan stendi ilə yaxından tanış olub.
Yarmarkada Azərbaycan səfirliyi də daxil olmaqla, müxtəlif ölkələrin səfirlikləri tərəfindən satışa çıxarılan suvenir və milli mətbəx nümunələrinin satışından əldə edilən vəsait 3 müxtəlif yardım fonduna köçürülüb.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt