MƏDƏNİYYƏT
Azərbaycan səfirliyi Tallində keçirilən Milad bazarında iştirak edib
Bakı, 24 noyabr, AZƏRTAC
Bu il noyabrın 23-də Tallindəki “Radisson BLU Sky” mehmanxanasında ənənəvi Milad xeyriyyə bazarı keçirilib. Azərbaycanın Estoniyadakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, Milad bazarı Tallinn Beynəlxalq Qadınlar Klubu tərəfindən təşkil edilib.
Artıq doqquzuncu dəfə hər il keçirilən bu xeyriyyə tədbiri yerli əhali arasında çox populyardır. Milad bazarında Estoniyada akkreditə olunmuş xarici ölkələrin səfirlikləri iştirak edir. Səfirliklərin əməkdaşları və onların ailə üzvləri bazara gələnlərə milli hədiyyələr, incəsənət əsərləri, oyuncaqlar, müxtəlif yeməklər təklif edir, habelə xeyriyyə lotereyasında iştiraka dəvət edirlər.
Builki Milad bazarında Azərbaycan da daxil olmaqla 23 ölkənin səfirlikləri iştirak edib.
Milad bazarında ənənəvi şəkildə iştirak edən Azərbaycan səfirliyi bu il əl ilə toxunmuş suvenir xalça məmulatları, Azərbaycanın müxtəlif xalçaçılıq məktəblərinin tarixindən bəhs edən çap məhsulları, Şəki ipəyindən hazırlanmış mallar, milli şirniyyatlar, şirə və başqa məhsulları satışa qoymuşdu. Azərbaycan mallarının satışı ölkəmizin inkişafı, onun tarixi abidələri, mədəniyyəti, memarlığı və incəsənəti haqda videoçarxların nümayişi ilə müşayiət olunub.
Azərbaycan məhsulları yarmarkaya gələnlərin, o cümlədən estoniyalı diplomatların, Estoniya mətbuatının və biznes dairələrinin nümayəndələrinin, Estoniya parlamentinin və ölkə hökumətinin üzvlərinin böyük marağına səbəb olub.
Tədbirdə Azərbaycan Respublikasının Tallindəki səfirliyinin əməkdaşları, Azərbaycan diasporunun çoxsaylı nümayəndələri, habelə Estoniya ali məktəblərində təhsil alan tələbə gənclər iştirak ediblər.
Milad bazarında satışdan əldə edilən bütün pul vəsaitləri estoniyalı uşaqlar üçün xeyriyyə fonduna verilib.