CƏMİYYƏT


Azərbaycan səfirliyinin əməkdaşları soydaşlarımıza bayram sovqatı paylayıblar

A+ A

Tbilisi, 13 sentyabr, AZƏRTAC

Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları müqəddəs Qurban bayramı münasibətilə azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun Tsopi kəndində olublar.

Səfirliyin əməkdaşları aztəminatlı, imkansız ailələrə, tənha insanlara bayram sovqatı paylayıblar.

Tsopi kənd məktəbinə 65 dəst dərs ləvazimatı təqdim olunub.

Səfirliyin əməkdaşları səfir Azər Hüseynin adından soydaşlarımızı təbrik edib, xoş arzularını çatdırıblar. Bildirilib ki, Azərbaycan dövləti Gürcüstanda yaşayan soydaşlarımıza daim diqqət və qayğı göstərir, yerli hakimiyyət qurumları ilə birlikdə onların problemlərinin həllinə çalışır.

Məktəbin direktoru Nəbi Ağacanov göstərilən diqqət və qayğıya görə, kənd camaatı adından Azərbaycan dövlətinə minnətdarlıq edib.

Bildirilib ki, səfirliyin əməkdaşlarının Gürcüstanda yaşayan soydaşlarımıza baş çəkmələri, bayram sovqatı paylamaları, məktəblərdə təhsil alan azərbaycanlı, gürcü və digər millətlərin nümayəndələrindən olan şagirdlərə dərs ləvazimatı və digər hədiyyələr təqdim etməsi yerli ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Bu cür addımlar Azərbaycan ilə Gürcüstan arasındakı qədim dostluq əlaqələrinin inkişafına, strateji tərəfdaşlığımızın daha da möhkəmlənməsinə xidmət edir.

Səfirliyin əməkdaşları sinif otaqlarını gəzib, müəllim və şagirdlərlə də görüşüblər.

Bildirilib ki, Ermənistanla sərhəddə yerləşən kənddə 203 ailə var. Onların 70 faizi azərbaycanlılardır. Bu il məktəbdə azərbaycanlı, gürcü və digər millətlərdən olan 65 şagird təhsil alacaq. Onların təlim tərbiyəsi ilə 26 müəllim məşğul olacaq.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.