CƏMİYYƏT
Azərbaycan səhiyyəsinin son illərdə tərəqqisini beynəlxalq qurumlar da təsdiqləyir
Bakı, 8 oktyabr, AZƏRTAC
Azərbaycan səhiyyəsi bu gün tibb xidmətini beynəlxalq standartlara uyğun təşkil etmək iqtidarındadır. Bunu xarici mütəxəssislər də qeyd edirlər. Belə ki, ölkəmizdə bu ilin ən mühüm idman hadisəsi – altı yüz minə yaxın tamaşaçısı olan “Formula-1” yarışlarının hazırlıq mərhələsində təşkilatçılar qarşıya çox ciddi tələblər, o cümlədən tibb xidmətinin təşkili ilə bağlı şərtlər qoymuşdular. Bunlar nəinki idmançıların ilkin tibbi yardımının təşkili, ümumiyyətlə, müasir tibb infrastrukturunun olmasını tələb edirdi. Yalnız tibb müəssisələrinin təchizatını, personalın səviyyəsini, tibbi yardımın təşkili vəziyyətini öyrənəndən sonra yarışda tibb xidmətinin təşkilini Azərbaycana həvalə etdilər.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səhiyyə naziri Oqtay Şirəliyev məlumat verib.
O bildirib ki, səhiyyəmizin son illərdə tərəqqisini müxtəlif beynəlxalq qurumlar da təsdiqləyir. Böyük Britaniyanın tanınmış “The Legatum Institute” tədqiqat mərkəzi 142 ölkənin monitorinqi nəticəsində son iki ildə Azərbaycan səhiyyəsini 91-ci pillədən 68-ci pilləyə qaldırıb. “Sevindirici haldır ki, bu il ölkəmizin iki tibb müəssisəsi dünyanın ən nüfuzlu JCI (Joint Commission International) beynəlxalq standartlaşdırma təşkilatı tərəfindən akkreditasiyadan keçib. Bu da həmin müəssisələrin dünyada qəbul edilmiş ən yüksək tibbi keyfiyyət və təhlükəsizlik standartlarına uyğun olması deməkdir”, - deyə O.Şirəliyev əlavə edib.