İQTİSADİYYAT
Azərbaycan şərabçılarından ibarət nümayəndə heyəti iki beynəlxalq sərgidə iştirak edəcək
Bakı, 7 noyabr, AZƏRTAC
Azərbaycanın şərab istehsalı ilə məşğul olan şirkətlərinin 10 nəfərdən çox nümayəndə heyəti dünyanın iki məşhur beynəlxalq sərgisində iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahil Babayev jurnalistlərə açıqlamasında bildirib.
“Nümayəndə heyəti noyabrın 10-12-də Honqkonq, noyabrın 13-15-də isə Quancou şəhərində keçirilən beynəlxalq sərgilərdə iştirak edəcək. Bu sərgilər böyük əhəmiyyətə malikdir. Sözügedən sərgilərdə müxtəlif ölkələrdən 2 minə yaxın şirkət iştirak edir, 50 mindən çox ziyarətçi gəlir. Bu baxımdan Azərbaycan şərabının beynəlxalq bazarda Asiyada, xüsusilə Çində tanıdılması üçün bu sərgi böyük rol oynayır. Sərgilərin keçiriləcəyi şəhərlərdə böyük sahədə Azərbaycan stendi yaradılır ki, burada bir neçə Azərbaycan istehsalı olan yerli məhsullar nümayiş olunacaq”, - deyə nazir müavini qeyd edib.
S.Babayev diqqətə çatdırıb ki, növbəti illərdə xarici mağazalar şəbəkəsində, beynəlxalq hava limanlarında Azərbaycan rəflərinin, mağazalarının yaradılmasını planlaşdırırıq. Müxtəlif ölkə və şəhərlərdə Azərbaycanın və məhsullarının reklam olunması nəzərdə tutulub. İqtisadi əlaqələrimizin genişlənməsi istiqamətində İqtisadiyyat Nazirliyi tərəfindən silsilə tədbirlər davam etdirilir. Xarici iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün “Made in Azerbaijan” brendinin xaricdə təşviqi ilə bağlı artıq əhəmiyyətli mexanizmlər təsdiq edilib. Bu mexanizmlər çərçivəsində tədbirlərin həyata keçirilməsinə başlanılıb.
Nazir müavininin sözlərinə görə, Azərbaycan məhsullarının beynəlxalq arenada tanıdılması istiqamətində görülən işlər mütəmadi təşkil olunacaq. Bu il və növbəti illərdə Azərbaycanın kənd təsərrüfatı, şərab, ərzaq, sənaye, inşaat məhsullarının xarici bazarlarda tanıdılması, yerləşdirilməsi və çıxışlarının əldə edilməsi üçün müvafiq tədbirlər görüləcək: “Bütün ixracatçıları AZPROMO ilə yaxından əməkdaşlığa, İxracatçılar Klubunda aktiv iştirak etməyə dəvət edirəm. İxracatçılar Klubu vasitəsilə biz şirkətlərimizdən müxtəlif sifarişləri, ideyaları toplayırıq. Avropa, Asiya və MDB ölkələrində müxtəlif formatlarda Azərbaycan məhsullarının təşviqi istiqamətində tədbirlər görülür”.