İQTİSADİYYAT
Azərbaycan şərabları ilk dəfə “Korea Wine Challange” müsabiqəsinə təqdim olunacaq
Bakı, 10 iyun, AZƏRTAC
İyunun 12-16-da Cənubi Koreyada keçiriləcək ən məşhur şərab müsabiqəsi “Korea Wine Challange”ə ilk dəfə olaraq Azərbaycan şərabları təqdim olunacaq.
Azərbaycanın Seuldakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, "Aspi-Aqro" MMC-nin “Savalan” şərabları qalibiyyət uğrunda mübarizə aparacaq. Təşkilatçılar müsabiqənin qalibləri barədə məlumatı Koreyanın şərab biznesi ilə məşğul olan şirkətlərinə təqdim edəcək, eyni zamanda, nəticələr kütləvi informasiya vasitələrində dərc olunacaq.
Azərbaycanın Koreya Respublikasındakı səfirliyi Prezident İlham Əliyevin ölkəmizdə istehsal edilən qeyri-neft sektoru məhsullarının ixracının stimullaşdırılmasına dair göstərişlərinin icrası istiqamətində müvafiq işlər görür. “Savalan” şərablarının “Korea Wine Challange” müsabiqəsinə təqdim olunması da “Made in Azerbaijan” brendi altında ixrac edilən məhsulların Koreya Respublikasında da tanıdılması baxımından əhəmiyyətli işdir.