İQTİSADİYYAT


Azərbaycan şirkəti Almaniyadan iki ədəd təchizat gəmisi almaq niyyətindədir

A+ A

Bakı, 14 noyabr, Elvin Camalov, AZƏRTAC

“Caspian Marine Services” şirkəti Almaniyanın “ER Offshore” şirkətindən, hər birinin satış qiyməti təxminən 6 milyon ABŞ dolları olmaqla, “E.R.Stavanger” və “E.R. Aalesund” adlı iki ədəd platformaların təchizat gəmilərin (PSV – Platform Supply Vessel) alqı-satqısına dair ilkin razılığa gəliblər.

AZƏRTAC “Caspian Marine Services” şirkətinə istinadla xəbər verir ki, bu sövdələşmənin tam həyata keçirilməsi istiqamətində danışıqlar aparılır və bir sıra məqamların razılaşdırılmasına ehtiyac duyulur. Anlaşma əldə olunarsa, gəmilərin Xəzər dənizinə çatdırılması üçün müəyyən işlərin görülməsinə ehtiyac yaranacaq.

Şirkətdən məlumat verilib ki, sözügedən gəmilər bir ildən artıq müddətdir ki, saxlanma vəziyyətinə keçirilib, və heç bir əməliyyatlara cəlb olunmayıb və buna görə də bütün maşın və mexanizmlər sazlanıb işlək vəziyyətə gətirilməlidir. Digər tərəfdən, müvafiq gəmiçilik registri tərəfindən müəyyən edilmiş gəmilərin baş mühərriklərinin icbari cari təmir vaxtı yaxınlaşmaq üzrədir. Odur ki, registrin tələb etdiyi bütün bu kimi işlər müəyyən olunub yerinə yetirilməlidir. Həmçinin, bu tip gəmilərin Volqa-Don su kanalı vasitəsilə Xəzər dənizinə gətirilməsi və kanal boyunca nəqliyyat körpülərinin altından maneəsiz keçirilməsi üçün kapitan körpüsü və dirəklərin sökülməsi, elektrik, kommunikasiya və digər xətlərin kəsilib işarələnməsi məcburiyyəti ilə üzləşməli olursan. Gəmilərin hissələrini yedək və bərələrlə Xəzər dənizinə çatdırıldıqdan sonra isə kəsilmiş və ayrılmış hissələr müvafiq qaydada birləşdirilib bərpa olunmalıdır. Göründüyü kimi, gəmiləri tam işlək vəziyyətə çatdırmaq üçün bir sıra mühüm və texniki cəhətdən mürəkkəb işlər görülmədir. Bu isə həm vaxt, həmdə ki xeyli maliyyə vəsaiti tələb edir.

Həmçinin şirkətdən qeyd edilib ki, qış ayları boyunca Volqa-Don kanalı donduğu üçün, gəmilərin 4 ay müddətində Türkiyədə saxlanılması gözlənilir. İlkin hesablamalara görə, gəmilərin hər birinin gətirilməsi ilə birlikdə yekun dəyəri 10,5 milyon ABŞ dollarından aşağı olmayacaq. Şirkət gəmilərin eyni zamanda Xəzərdənkanar sularda üzməsini də nəzərdə tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.