İQTİSADİYYAT
Azərbaycan şirkəti Qırğızıstanda yeni layihə reallaşdırır
Bakı, 27 may, Xatirə Cəfərova, AZƏRTAC
Cənubi Qafqazın və Mərkəzi Asiya regionunun aparıcı sistem inteqratorlarından biri olan “Sinam” şirkəti son illər Azərbaycanın hüdudlarından kənarda uğurla “elektron hökumət” həllərini tətbiq edir. Şirkət rəqabətə davamlı və müasir texnoloji standartlara cavab verən proqram təminatını müxtəlif ölkələrdə tətbiq etmək istiqamətində fəaliyyətini genişləndirir. Hazırda “Sinam” MMC Qırğızıstanın xəzinədarlıq sisteminin modernləşdirilməsi layihəsi üzrə təkliflərini hazırlayır. Layihə çərçivəsində dövlətin maliyyə vəsaitlərinin idarə edilməsi sahəsində islahatların həyata keçirilməsi və Qırğızıstanın dövlət büdcəsinin realizasiyasının effektivliyinin artırılması nəzərdə tutulur.
Şirkətdən AZƏRTAC-a verilən məlumata görə, daha əvvəl Dünya Bankının şərtləri çərçivəsində xəzinədarlıq sistemi üçün proqram təminatının işlənib hazırlanması üçün beynəlxalq tender keçirilib. Tenderin nəticələri əsasında Kanadanın “Free Balance” şirkətinin də daxil olduğu konsorsium ilə müqavilə imzalanıb. “Free Balance” ilə imzalanmış müqavilə ləğv olunub və hazırda layihə üçün yeni podratçılar axtarılır. Estoniya və Türkiyədən olan podratçılar da layihənin reallaşmasında iştirak etməkdə maraqlıdırlar.
“Sinam” şirkətinin həlləri 2014-cü il avqustun ortalarında Qırğızıstanın Maliyyə Nazirliyinə göstərilib. Azərbaycanın maliyyə sistemində hazırda tətbiq olunan “Büdcə təşkilatları üçün maliyyə və mühasibat hesabatlılığı” (FARABI) sistemi də Qırğızıstanda nümayiş etdirilib. Eyni zamanda, Qırğızıstanın vergi xidmətinin modernləşdirilməsi layihəsi və Azərbaycanın xəzinədarlıq sistemində tətbiq olunan informasiya sistemləri haqqında məlumat da təqdim olunub.
Qırğızıstanın xəzinədarlıq sisteminin modernləşdirilməsi layihəsinin əsas məqsədi dövlətin maliyyə vəsaitlərinin idarə edilməsinin, mühasibat uçotu və əməliyyatların effektivliyinin artırılması, xəzinədarlıq orqanlarında və kassa xidməti hissəsində istehsalat proseslərinin dəstəklənməsindən ibarətdir.
“Sinam” şirkəti Qırğızıstanda fəaliyyətini 2009-cu ildən başlayıb. Şirkət Mərkəzi Asiya regionunda yerləşən bu ölkədə üç layihə həyata keçirib. Bu layihələr Dünya Bankının və Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə reallaşdırılıb. Şirkət, həmçinin Qırğızıstanda Azərbaycanın elektron-hökumət həllərini tətbiq edib.