İQTİSADİYYAT
Azərbaycan şirkətləri "8-ci Kazan Sammit 2016"ya dəvət olunurlar
Bakı, 3 may, AZƏRTAC
Mayın 19-da Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində "8-ci Kazan Sammit 2016" tədbiri keçiriləcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, sammitdə ""Halal" sənayesinin investisiya və innovasiya imkanları: Rusiya və dünya təcrübəsi", "Dünya iqtisadiyyatının yeni arxitekturası: Rusiya Federasiyasında İslam maliyyə sənayesinin inkişaf perspektivləri", "Rusiya Federasiyasının bank sistemində İslam maliyyə alət və mexanizmlərinin tətbiqi", "İxrac – yeni bazarlar", "Ərəb maliyyə institutları - Rusiya layihələri üzrə tərəfdaşlıq" və s. mövzularda məruzələr dinləniləcək. Tədbir çərçivəsində B2B görüşlər, "dəyirmi masa", seminarlar, İslam Əməkdaşlıq Təşkilatı ölkələri gənc diplomatlarının konfransı təşkil olunacaq. Sammit mayın 21-də başa çatacaq.
Kazan Sammiti İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri arasında iqtisadi əlaqələrin inkişafı üçün mühüm tədbirlərdən biridir. Sammit Rusiya Federasiyasının parlamenti və Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovun dəstəyi ilə keçirilir. Tatarıstanın ölkəmizdəki nümayəndəliyi Azərbaycan şirkətlərini tədbirdə iştiraka dəvət edir.