İQTİSADİYYAT
Azərbaycan şirkətlərinin Xo Şi Mində infrastruktur layihələrində iştirakı imkanları müzakirə edilib
Bakı, 18 noyabr, AZƏRTAC
Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanovun Vyetnamın iqtisadi mərkəzi olan Xo Şi Min şəhərinin Xalq Komitəsinin sədri (mer) Nquyen Thanh Phonq ilə görüşündə Azərbaycan şəhərləri ilə əməkdaşlığın qurulması, Xo Şi Mində həyata keçirilən infrastruktur layihələrində Azərbaycan şirkətlərinin iştirakı imkanları müzakirə edilib.
Səfir A.İmanov son illər iki ölkə arasında əlaqələrin bütün sahələr üzrə inkişaf etdiyini vurğulayıb, ölkə başçılarının səfər mübadiləsinin ikitərəfli əməkdaşlığa güclü təkan verdiyini bildirib. İkitərəfli iqtisadi-ticari əlaqələrin səviyyəsinin ölkələrimizin potensialına uyğun olmadığını bildirən səfir Xo Şi Min şəhərinin Azərbaycan və Vyetnam arasında ikitərəfli iqtisadi əməkdaşlığın fəallaşmasına daha yaxından cəlb edilməsinin arzu olunduğunu deyib. O, Azərbaycanda istehsal olunan malların Xo Şi Min bazarına çıxarılmasında, habelə dinamik inkişaf edən və sürətlə genişlənən Xo Şi Min şəhərində həyata keçirilən infrastruktur layihələrinə bu sahədə böyük təcrübəyə malik olan Azərbaycan şirkətlərinin cəlb olunmasına müvafiq dəstəyin göstərilməsini xahiş edib.
Nquyen Thanh Phonq Vyetnamın ümumi daxili məhsulunun 21 faizinin, ixracatının 20 faizinin Xo Şi Min şəhərinin payına düşdüyünü qeyd edərək şəhərdə dünyanın 79 ölkəsindən investorların müxtəlif sahələrə sərmayələr yatırdığını diqqətə çatdırıb. Son zamanlar Vyetnam ilə Azərbaycan arasında əməkdaşlığın aktivləşməsindən məmnun olduğunu bildirən mer Xo Şi Min şəhərinin Azərbaycan şəhərləri ilə əməkdaşlıq etməsində maraqlı olduğunu bildirib.
Nquyen Thanh Phonq əhalisi sürətlə artan və iqtisadi durumu gündən-günə yaxşılaşan Xo Şi Min şəhərinin infrastrukturunun da inkişaf etdirilməsinə ehtiyacın olduğunu qeyd edib. Mer şəhərdə metro tikintisinin planlaşdırıldığını və Azərbaycan şirkətlərinin şəhərin bu məsələdə investor kimi çıxış etməsində maraqlı olduqlarını bildirib.
Nquyen Thanh Phonq, həmçinin şəhərin turizm infrastrukturunun inkişafına Azərbaycan şirkətlərinin investor qismində cəlb olunmasının arzu edildiyini vurğulayıb. O, infrastruktur layihələri ilə yanaşı, ticarət, xidmət, turizm və informasiya texnologiyaları sahələrində xarici investorlar üçün əlverişli şəraitin yaradılması barədə məlumat verib.
Azərbaycanda son illər həyata keçirilən infrastruktur layihələri barədə məlumat verən səfir A.İmanov bu sahədə Azərbaycan şirkətlərinin böyük təcrübəyə malik olduğunu qeyd edərək onların Xo Şi Mində həyata keçirilən layihələrdə iştirakı üçün müvafiq layihələr haqqında konkret məlumatların səfirliyə təqdim olunmasını xahiş edib. O, Xo Şi Mində fəaliyyət göstərən biznes strukturları ilə Azərbaycan iş adamları arasında əməkdaşlığın qurulması və inkişafı üçün əlavə tədbirlərin işlənib hazırlanmasının zəruriliyini bildirib.
Görüşdə, həmçinin humanitar sahədə əməkdaşlıq məsələlərinə dair müzakirə aparılıb, Xo Şi Mində Azərbaycan mədəniyyətinə dair tədbirlərin keçirilməsi, şəhərin ali təhsil ocaqları ilə Azərbaycan ali təhsil ocaqları arasında əməkdaşlığın qurulmasına dair fikir mübadiləsi aparılıb.