ELM VƏ TƏHSİL
Azərbaycan söz sənətinin inkişafında Bəxtiyar Vahabzadənin mühüm xidmətləri vardır
Bakı, 23 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional şöbəsi Kürdəmir rayon Sor-sor kənd orta məktəbində Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illik yubileyinə həsr edilən tədbir keçirib.
Ədəbiyyat Muzeyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə məktəbin direktoru Zeynal Səfərov tanınmış şair, dramaturq, ədəbiyyatşünas və ictimai xadim, Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Vahabzadənin yaradıcılığından söz açıb. Bildirilib ki, B.Vahabzadə Azərbaycan ədəbiyyatı tarixində xüsusi mövqeyə malik görkəmli simalardandır. Sənətkarın yaradıcılığı milli poeziyada vətəndaşlıq ruhunun qüvvətlənməsində və ədəbi-ictimai fikrin istiqlal ideyaları ilə zənginləşməsində böyük rol oynayıb.
Muzeyin Aran Regional şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı B.Vahabzadənin 90 illik yubileyinin keçirilməsi barədə Prezident İlham Əliyevin müvafiq Sərəncamını xatırladıb və bunun görkəmli şairin irsinə verilən qiymətin bariz nümunəsi olduğunu qeyd edib.
Sonra Ədəbiyyat Muzeyinin əməkdaşı, dosent Məlahət Kələntərlinin “B.Vahabzadənin dramaturgiyasında ictimai-siyasi motivlər” mövzusunda məruzəsi dinlənilib.
Mərasimdə digər çıxış edənlər də B.Vahabzadənin Azərbaycan söz sənətinin inkişafındakı xidmətlərindən danışıblar.
Daha sonra şagirdlər görkəmli şairin sevilən əsərlərindən nümunələr təqdim ediblər.
Tədbirin sonunda şairin öz səsində şeirləri səsləndirilib.