MƏDƏNİYYƏT
Azərbaycan stendi Ər-Riyadda keçirilən “Səkkizinci Beynəlxalq Gün” adlı ənənəvi tədbirdə maraqla qarşılanıb
Ər-Riyad, 6 mart, AZƏRTAC
Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində yerləşən Kral Feysəl məktəbində “Səkkizinci Beynəlxalq Gün” adlı ənənəvi illik tədbir keçirilib. Tədbirdə 40-a yaxın səfirlik və Krallığın dövlət qurumları iştirak edib. Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyi də artıq dördüncü dəfədir bu tədbirə qatılıb.
Ötən illərdə olduğu kimi, builki tədbirdə də səfirliklərə ölkələri haqqında materialların (kitab, buklet, broşür, bədii və sənədli filmlər, aksessuarlar, suvenirlər, milli geyimlər və s.) təqdim edilməsi üçün masa və stendlər ayrılıb.
Respublikamız üçün ayrılmış stenddə ölkəmizin tarixi, mədəniyyəti, turizm imkanları və digər sahələrə dair kitab, buklet, broşür, suvenir, milli geyimlər, habelə Azərbaycanın ən məşhur məkanlarını, təbiətini və müasir Bakının gözəlliyini əks etdirən fotostendlər quraşdırılıb. Həmçinin Azərbaycana dair sənədli film, ölkəmiz haqqında hazırlanmış infoqrafik lövhələr nümayiş etdirilib.
Kral Feysəl məktəbi tərəfindən respublikamızı təmsil etmək üçün ayrılmış şagirdlər ölkəmizin bayrağını və 2017-ci ildə Bakıda keçiriləcək 4-cü İslam Həmrəylik Oyunlarının loqosunu özündə əks etdirən köynəkləri geyinərək, tədbirin qonaqlarına Azərbaycan ilə bağlı məlumatlar verib, onlara kitab, broşür və s. materiallar paylayıblar. Azərbaycan stendi qonaqlar tərəfindən maraqla qarşılanıb.
“Səkkizinci Beynəlxalq Gün” çərçivəsində Kral Feysəl məktəbinin kitabxanasına ölkəmiz haqqında kitablar təqdim olunub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ər-Riyad