REGİONLAR
Azərbaycan sülh və əməkdaşlıq məkanına çevrilib
Göyçay, 25 aprel, AZƏRTAC
Aprelin 25-də Göyçay rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Göyçay Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-müşavirə keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə dini icmaların sədrləri, din xadimləri, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə bildirib ki, Prezident İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsi İslami dəyərlərə verilən qiymətin bariz nümunəsidir. Qeyd edib ki, müasir dövrdə İslam aləminin, müsəlman dövlətlərinin siyasi birliyinə, mənəvi həmrəyliyinə böyük ehtiyac var.
DQİDK sədrinin birinci müavini Səyyad Salahlı qeyd edib ki, çağdaş dünyamız olduqca gərgin günlərini yaşamaqdadır, lakin qlobal siyasi və hərbi kataklizmlərə baxmayaraq, Azərbaycan “sabitlik adası” olaraq qalmaqdadır. Ulu öndər Heydər Əliyevin qurduğu, Prezident İlham Əliyevin inkişaf etdirdiyi Azərbaycan həyata keçirilən düzgün və düşünülmüş siyasət nəticəsində sülh və əməkdaşlıq məkanına çevrilib.
S.Salahlı, eyni zamanda, dini icma sədrlərini İslam həmrəyliyinin təbliğində fəal olmağa çağırıb.
Digər çıxış edənlər də Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsini ciddi əhəmiyyətə malik təşəbbüs kimi dəyərləndiriblər.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, seminar-müşavirə iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.