SİYASƏT
Azərbaycan sürətli inkişaf yolu keçərək beynəlxalq аləmdə böyük nüfuz qazanıb
Bakı, 17 oktyabr, AZƏRTAC
Oktyabrın 17-də Dövlət Sərhəd Xidmətinin (DSX) Aparatında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə tədbir keçirilib.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə DSX rəisinin müavini, general-leytenant Azad Ələkbərov və Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxış edərək ötən əsrin 90-cı illərində respublikamızın ictimai-siyasi həyatında baş verən hadisələri geniş təhlil ediblər. Natiqlər ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin əbədiliyinin və dönməzliyinin təmin edilməsində, ölkəmizin sərhədlərinin etibarlı qorunması istiqamətindəki əvəzsiz tarixi xidmətlərindən ətraflı danışıblar.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin uğurla həyata keçirdiyi müstəqil daxili və xarici siyasət nəticəsində dövlət quruculuğu prosesinin bütün sahələri üzrə mühüm nailiyyətlərin əldə edildiyi, ölkəmizin misilsiz inkişaf yolu keçərək beynəlxalq аləmdə böyük nüfuz qazandığı qürur hissi ilə qeyd olunub.
Müstəqilliyimizin əsas atributlarından olan dövlət sərhədlərimizin toxunulmazlığının təmin edilməsi istiqamətində həyata keçirilmiş böyük quruculuq işləri, maddi-texniki bazanın əhəmiyyətli dərəcədə möhkəmləndirilməsi, yeni alınmış silah-sursat, texnika və vasitələrin xidmətdə müvəffəqiyyətlə tətbiqi, Vətən sərhədlərinin yüksək səviyyədə mühafizəsi müstəqillik illərinin uğurları sırasında xüsusi olaraq vurğulanıb.
Tədbirdə DSХ-nin şəxsi heyətinin Azərbaycan Prezidentinə və xalqına həmişə sadiqlik nümunəsi göstərəcəyinə, sərhədçilərin хalqımızın və dövlətimizin qazandığı bütün uğurların, o cümlədən müstəqilliyimizin keşiyində daim layiqincə duracaqlarına qəti əminlik ifadə olunub.
Tədbir Müstəqillik Gününə həsr olunmuş sənədli filmin nümayişi ilə başa çatıb.