İDMAN
Azərbaycan taekvandoçuları komandalararası dünya çempionu titulunu qoruyublar [YENİLƏNİB] VİDEO
Bakı, 13 dekabr, Elşad Qəzvini, AZƏRTAC
Taekvando üzrə Azərbaycanın kişilərdən ibarət yığma komandası Bakıda keçirilən komandalararası dünya çempionatının qalibi olub. Komandamız finalda taekvandonun vətəni Koreya Respublikasının yığmasını məğlub edərək ardıcıl ikinci dəfə dünya çempionu titulunu qazanıb.
Qadınların yarışında finalda Çin və Koreya Respublikası qarşılaşıb. Döyüşdən qalib ayrılan (6:4) Çin idmançıları dünya çempionu olublar.
Milli komandamız yarımfinalda Türkiyəyə (33:3) qalib gəlib. Digər yarımfinal cütlüyündə isə Koreya Respublikası Belçikanı (43:13) üstələyərək millimizə finalda rəqib olub.
X X X
14:43
Dekabrın 13-də Bakıda keçirilən taekvando üzrə komandalararası dünya çempionatının ikinci gününə start verilib.
AZƏRTAC xəbər verir ki, “Sərhədçi” Olimpiya İdman Mərkəzində təşkil olunan yarışın sonuncu günündə həlledici mərhələ döyüşləri keçirilir. Bu gün həm kişi, həm də qadın taekvandoçular yarımfinal və final görüşlərində qüvvələrini sınayırlar.
Türkiyə millisi ilə yarımfinalda üz-üzə gələcək Azərbaycanın kişilərdən ibarət yığma komandasının heyətində Məhəmməd Məmmədov (63 kq), Ayxan Tağızadə, Sina Bahrami (hər ikisi 68 kq), Səid Quliyev (74 kq), Milad Beigi Harçeqani (80 kq) və Radik İsayev (87 kq-dan yuxarı) dayanq üzərinə çıxacaq.
Qadın taekvandoçuların yarışında artıq finalçılar müəyyənləşib. Çin Türkiyə yığmasına (9:6), Koreya Respublikası Rusiya millisinə (17:10) qalib gələrək finala adlayıblar. Birincilik uğrunda Koreya təmsilçiləri Çinlə qarşılaşacaqlar. Bu gün yarımfinal və final görüşləri ilə yanaşı, eləcə də mükafatlandırma mərasimi keçiriləcək. Bununla belə, idmansevərlər çempionat çərçivəsində ilk dəfə kişi və qadın taekvandoçulardan ibarət qarışıq heyətlər üzrə komandaların mübarizəsini də izləyə biləcəklər.