İDMAN
Azərbaycan taekvondoçuları Türkiyədə Avropa çempionatında 14 medal qazanıblar
Bakı, 27 noyabr, AZƏRTAC
Antalya şəhərində Avropa Taekvondo Birliyinin (ATB) və Türkiyə Taekvondo Federasiyasının (TTF) birgə təşkilatçılığı ilə keçirilən “G1” kateqoriyalı yarış başa çatıb.
Taekvondo üzrə klublar arasında ikinci Avropa çempionatında ölkəmizi 7 klubdan 53 taekvondoçu təmsil edib. Dünyanın 33 ölkəsindən 651 idmançının qatıldığı çempionatda taekvondoçularımız 5 qızıl, 3 gümüş və 6 bürünc, ümumilikdə, 14 medal qazanıblar.
Azərbaycan Taekvondo Federasiyasından AZƏRTAC-a bildiriblər ki, idmançılarımızdan Zəlimxan Rəsulov (-63 kq, “Neftçi” İdman Klubu İctimai Birliyi), Kamil Adbulrazakov (-59 kq, “Savalan”), İlham Əliyev (-45 kq, “Sumqayıt” Texniki İdman Mərkəzi), İlayda Kardelen (44 kq), Gülhanım Yeşildal (-55 kq, “Gilan”) qızıl medal, Radik İsayev (-87 kq, “Gilan”), Təhminə Hüseynli (-44 kq, “Sumqayıt” Texniki İdman Mərkəzi), Məmmədəli Quliyev (55 kq, “Neftçi” İdman Klubu İctimai Birliyi) gümüş medal, Rəvan Hüseynov (-48 kq, “Sumqayıt” Texniki İdman Mərkəzi), Rafaella Hüseynova (-59 kq, “Sumqayıt” Texniki İdman Mərkəzi), Minayə Əkbətova (-33 kq, “Gömrükçü”), Əli İsazadə (-45 kq, “Gömrükçü”), Məhəmmədyasin İbrahimov (-58 kq, Savalan), Patimat Abakarova (-49 kq, “Savalan”) isə bürünc medala layiq görülüblər.
Klublar arasında oğlanlardan ibarət komandalar arasında “Neftçi” İdman Klubu İctimai Birliyi ikinci, qızların mübarizəsində isə “Gilan” ikinci, “Sumqayıt” Texniki İdman Mərkəzi yarışı üçüncü yerdə başa vurublar.
Noyabrın 28-dən 30-dək Dünya Taekvondo Federasiyasının (DTF) və Türkiyə Taekvondo Federasiyasının (TTF) birgə təşkilatçılığı ilə keçiriləcək “G1” kateqoriyalı “Turkish open”də yalnız “Neftçi” İdman Klubu İctimai Birliyinin və “Gilan” klubunun üzvləri milli komandanın tərkibində qüvvələrini sınayacaqlar.