ORDU
Azərbaycan tankçıları hərbçilərin beynəlxalq yarışlarında uğurla çıxış ediblər
Bakı, 12 avqust, AZƏRTAC
Rusiyada keçirilən “Beynəlxalq Ordu Oyunları – 2016” yarışlarının “Tank biatlonu” müsabiqəsində iştirak edən Azərbaycanın tank heyətləri uğurlu nəticə əldə ediblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 17 ölkədən 54 tank heyətinin yarışdığı beynəlxalq hərbi turnirdə tankçılarımız ümumi nəticədə yeddinci yeri tutublar. Təmsilçilərimiz ən yaxşı heyət siyahısında reytinqə görə sıralamada isə beşinci yerə layiq görülüblər.
“Tank biatlonu” müsabiqəsində ilk dəfə iştirak edən Azərbaycan tankçıları müxtəlif tapşırıqları məharətlə yerinə yetirərək hədəfləri ustalıqla məhv edib, maneələri bacarıqla keçərək yüksək idarəçilik qabiliyyəti nümayiş etdiriblər.
Müsabiqəyə öz tankları ilə qatılan komandalardan fərqli olaraq, hərbçilərimiz püşkatma yolu ilə onlara düşən tanklarda çıxış etmələrinə baxmayaraq, ayrı-ayrı mərhələlərdə qaliblər sırasında olublar.
Ümumi nəticədə Ermənistan komandasını geridə qoyan tankçılarımızın peşəkarlığı, bacarığı yarışların münsiflər heyəti, hakimlər, eləcə də mütəxəssislər və müxtəlif ekspertlər tərəfindən yüksək qiymətləndirilib.
İyulun 30-dan başlayan müsabiqədə Rusiya, Belarus, Qazaxıstan və Çin tank heyətləri iştirak edir. Müsabiqə avqustun 13-də keçiriləcək final mərhələsi ilə başa çatacaq.