REGİONLAR


Azərbaycan tarixində imzalarını qoymuş şəxsiyyətlərin uyuduğu məkan - Səbzikar qəbiristanlığı VİDEO

Gəncə, 14 yanvar, Rauf Hacıyev, AZƏRTAC

Gəncədə şəhər sakinlərinin Səbzikar adlandırdığı bir məzarlıq var. Türbələrinin sayının çoxluğuna görə, bura “türbələr səltənəti” də demək mümkündür. Tarixi mənbələrdə bu məkan haqqında hər hansı tutarlı qeydə rast gəlinmir. Amma Səbzikar məzarlığının yaranması barədə yerli sakinlər bir neçə rəvayət danışırlar. Belə rəvayətlərdən birində indiki Səbzikar ərazisi əvvəllər şəhərin varlı, lakin övladı olmayan bir mülkədarın meyvə bağı kimi vurğulanır. Həmin mülkədar vəsiyyət edib ki, öləndə onu öz bağında dəfn etsinlər. Özündən sonra ətraf məhəllələrdə də nə qədər dünyasını dəyişən kimsəsiz, sonsuz və imkansız olarsa, onları da bu bağda torpağa tapşırsınlar. Bağ sahibinin vəsiyyətinə əməl edilib və beləliklə, burada qəbiristanlıq yaranıb.

Gəncənin keçmişini araşdıran tarixçilərin üzərində dayandığı mülahizə isə bir başqadır. Məlumdur ki, indiki Gəncə XVII əsrdə qurulub, özü də məhəllə-məhəllə. Həmin məhəllələr bir-biri ilə birləşərək, şəhəri vahid orqanizm halına gətirib. Tarixçilər bildirirlər ki, hələ V-IX əsrlərdə qədim Gəncədə məhəllələrin mövcudluğu barədə ehtimal söyləmək mümkündür. O da məlumdur ki, həmin məhəllələrə tayfa adları ilə bağlı, coğrafi məkanla əlaqədar, ya da burada yaşayan insanların məşğuliyyətinə, peşəsinə uyğun adlar verilib: Ozan, Şahsevən, Sofulu, Əttarlar, Zərrabi, Misgərlər, Dəmirçilər və s. Məhəllələrin hərəsinin öz mərkəzi meydanı, bazarı, dükanı, hamamı, məscidi, eləcə də qəbiristanlığı olub. Əhalisi əsasən meyvəçiliklə məşğul olan Bağbanlar məhəlləsinin indi Səbzikar yerləşən hissəsi məhəllə sakinlərinin göy-göyərti yetişdirdiyi əkin sahəsi imiş. Ozan, Zərrabi və Bağbanlar məhəllələri ilə əhatə olunan bu sahə dünyasını dəyişənlərin dəfn olunması üçün münasib sayıldığından burada qəbiristanlıq meydana gəlib. Səbzikar adı isə ərazidə əvvəllər səbzi, yəni göyərti əkilməsi səbəbindən yaranıb. Dilimizdə göyərti mənası verən səbzi sözündən indi də istifadə olunması bu fərziyyənin həqiqətə daha yaxın olduğunu deməyə imkan verir. Zaman keçdikcə məhəllə sözü öz ilkin mənasını itirərək, daha kiçik anlamda bağ yeri, həyət mənasını verən “məhlə” kimi işlədilməyə başlanıb. Səbzikar isə tədricən böyüyərək, iri şəhər qəbiristanlığına çevrilib.

Səbzikar qəbiristanlığındakı türbələrin bəzisi artıq iki əsrdir mövcuddur və bu günədək öz ilkin görkəmlərini saxlamaqdadırlar. Odur ki, həmin türbələrin hansı nəslin, hansı şəxsin qəbri, yaxud sərdabəsi üstündə ucladılmasından asılı olmayaraq, onlar yerli əhəmiyyətli tarixi abidələr kimi dəyərlidr. Hazırda Səbzikarda iki əsrin daş yadigarı olan 17 türbə var. Bu türbələrin hamısı bişmiş qırmızı kərpicdən, Şərq memarlıq üslubunda inşa edilib. Məzarlıqdakı bütün türbələr dörd və səkkiz tağdan ibarət olub, üstləri günbəzlə tamamlansa da, pəncərə-divarlarının hörgüsündəki naxışları, eləcə də şiş uclu, yastı, yarımdairəvi və digər formalı günbəzləri ilə bir-birindən fərqlənirlər.

Səbzikarda yaşlı türbələrlə yanaşı, yeni ucaldılan türbələr də var. Ümumiyyətlə, Gəncə məzarlığında hər hansı ailə, nəsil üçün sərdabə qazdırmaq, eləcə də, türbə tikdirmək ənənə şəklini alıb. Həmin türbələr və sərdabələr burada dəfn olunan şəxslərin, nəsillərin adları, soyadları ilə tanınır: Hacı Mir Qasım, Əsgər ağa Gorani, Xan Xoyski-Batman Qılınc, Pişnamazzadələr, Rəfibəylilər, Baratzadələr, Çələbilər və s. Bu türbələrin və sərdabələrin hər biri haqda söhbət açmaqla Vətən tarixinin müəyyən bir mərhələsini vərəqləmək mümkündür. Axı burada dəfn olunmuş insanların bəziləri Gəncənin, ümumiyyətlə, Azərbaycan tarixində öz imzalarını qoymuş şəxsiyyətlərdir. Məsələn: Hacı Mir Qasım şəhərin ən hörmətli, imkanlı şəxslərindən biri olub. Deyilənlərə görə, onun Kəşmirdə tütün fabriki var imiş. Həyatı boyu etdiyi xeyirxahlıqlar, yaxşılıqlarla yanaşı, həm də şəhərə kəhriz çəkdirib. Hələ bu yaxın zamanlara qədər Gəncə camaatı “Hacı Mir Qasım” kəhrizinin dupduru suyundan içib ürəklərini sərinlədir və kəhrizi çəkdirən kişinin ruhuna Allahdan rəhmət diləyirdilər.

Qafqaz Şeyxülislamı Məhəmməd Pişnamazzadə, Kiril qrafikalı Azərbaycan əlifbasının yaradıcısı Mirzə Abbas Abbaszadə, Əsgər ağa Gorani barədə danışmaq, elə Azərbaycan maarifçiliyinin işıqlı səhifələrindən bəhs etməkdir və yaxud Məşədi Cəmil Əmirov, Zərif Qayıbov, Qənbər Hüseynlinin yaradıcılıqları Azərbaycan musiqisinin bir parçasıdır.

Ümumiyyətlə, Səbzikar qəbiristanlığında Azərbaycan tarixinin parlaq simaları olmuş və əməlləri, yaratdıqları bu gün də yaşayan çoxlu sayda tarixi şəxsiyyətlər dəfn olunub. Bu gün Səbzikarın adlı-sanlı “sakinləri” barədə söhbət açmaq daha irihəcmli yazının, çoxsəhifəli kitabın, yaxud elmi tədqiqat işinin mövzusudur. Bu, həm Vətən tarixinin qaranlıq qalmış bəzi məqamlarına işıq salar, həm də Səbzikar məzarlığının tarixi əhəmiyyətini dərk etməyə kömək edər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.