MƏDƏNİYYƏT
Azərbaycan teatr və kino tarixində bənzərsiz yeri olan Məlik Dadaşov anılacaq
Azərbaycanın Xalq Artisti Məlik Dadaşov həm komediyalarda, həm dramatik və faciə xarakterli obrazlarda, həm də lirik-psixoloji rollarda böyük uğur qazanıb.
Bu sözləri AZƏRTAC-a müsahibəsində teatrşünas Çingiz Ələsgərli deyib.
Ç.Ələsgərli bildirib ki, noyabrın 24-də Azərbaycan Teatr Xadimləri İttifaqında Xalq Artisti Məlik Dadaşovun 90 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək.
Teatrşünas deyib ki, Məlik Dadaşov Azərbaycan aktyor məktəbinin orta nəslinə mənsub idi. Teatrda onlarla obraza səhnə həyatı vermişdi, elə kinoda da yaddaqalan, maraqlı rollar yaratmışdı.
Məlik Dadaşovun Azərbaycan aktyorluq məktəbinin formalaşmasında xüsusi xidmətləri var. O, klassik və müasir aktyor sənətinin sintezindən yaranan bir ifa tərzi seçmişdi. “Axırıncı aşırım”dakı Qəmlo bütövlükdə kinomuzda yaddaqalan obrazlardandır. Bu obrazın bütün xarakterik cizgilərini ustalıqla açan aktyor filmin əsas dramatik yükünün daşıyıcısına çevrilir.
Çingiz Ələsgərlinin sözlərinə görə tədbirdə sənətkarın həyat yolu və yaradıcılığından, yaratdığı bənzərsiz obrazlar qalereyasından söz açılacaq və onunla bağlı xatirələr səsləndiriləcək.