MƏDƏNİYYƏT


Azərbaycan teatrının görkəmli sənətkarı anılıb

Bakı, 3 iyun, AZƏRTAC

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında görkəmli sənətkar, parlaq istedada malik unudulmaz teatr və kino aktyoru, Xalq Artisti Yusif Vəliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə teatrın yaradıcı heyəti ustad sənətkarın məzarını ziyarət edərək, qəbri üstünə tər güllər düzüblər.

Sonra tədbir teatrda davam edib. Tədbirdə mədəniyyət xadimləri, mərhum sənətkarın yaxınları iştirak ediblər.

Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq doktoru, professor İlham Rəhimlinin aparıcılığı ilə baş tutan xatirə gecəsinin quruluşçu rejissoru Xalq Artisti Vaqif Əsədov olub.

İ.Rəhimli Azərbaycan teatrı tarixində silinməz iz qoyan Yusif Vəliyevin səhnəyə gəlişindən, oynadığı rollardan, bütün aktyorlara nümunə ola biləcək səhnə sevgisindən danışıb. Professor teatr səhnəsi ilə yanaşı, kino sahəsində də öz sözünü deyən ustad sənətkarın ifa etdiyi obrazların məziyyətlərini təhlil edib.

Xalq artistləri Tariyel Qasımov, Yasin Qarayev, Rasim Balayev, Rafiq Əzimov, Əməkdar artistlər Almaz Mustafayeva, Ənvər Həsənov, Ötkəm İskəndərov və başqaları çıxış edərək Yusif Vəliyevin yaradıcılığında, Azərbaycan teatrına verdiyi töhfələrdən, sənətkarın yüksək insani keyfiyyətlərindən danışıblar.

Teatrın gənc və istedadlı aktyorları, Əməkdar Artist Elşən Rüstəmov, aktyorlar Günel Məmmədova, Səbinə Məmmədova, Elnur Kərimov səhnəyə çıxaraq ölməz şair Səməd Vurğunun “Dünya” şeirini səsləndiriblər.

Sonda sənətkarın həyat yoldaşı Zemfira Sadıqova çıxış edərək tədbirin keçirilməsində əməyi olan hər kəsə öz dərin minnətdarlığını bildirib.

Gecədə aktyorun rol aldığı filmlərdən kadrlar, ifa etdiyi tamaşalardan görüntülər nümayiş etdirilib. Teatrın foyesində isə ölməz aktyorun yaradıcılığını əks etdirən fotosərgi tamaşaçılara təqdim olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.