İQTİSADİYYAT


Azərbaycan təbii qazını Avropaya çatdıracaq TAP boru kəmərinin təməlinin qoyulmasından bir il ötür

Ötən bir ildə TAP-ın inşası üzrə işlərin 40,3 faizi icra edilib

Bakı, 17 may, AZƏRTAC

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin təməli ötən il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan TAP Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. TAP Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biridir.

TAP boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Buradan TAP boru kəməri Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. Boru kəməri burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.

Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən – Yunanıstan, Albaniya və İtaliyadan keçir. Boru kəmərinin uzunluğu 878 kilometr, diametri isə 48 düymdür. TAP boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçəcək. 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olması gözlənilir. Layihənin ümumi dəyəri 4,5 milyard avro olacaq. Buraya 2009-cu ildən bəri davam edən dizayn və mühəndislik işləri də daxil edilib. “Şahdəniz” konsorsiumu ilk qaz satışını 2018-ci ilin sonunda Türkiyəyə və Gürcüstana həyata keçirəcək. Avropaya ilk qazın verilməsi isə bundan təxminən 1 il sonra 2020-ci ilin əvvəllərində planlaşdırılır.

TAP-ın Yunanıstandan keçən 550 kilometrlik hissəsi üçün lazım olan 32 min borunun təqribən 66 faizi tikinti sahələrinə çatdırılıb. Həmin boruların ümumi çəkisi 323 min tondur. Bu ölkədə TAP kəməri marşrutu üzrə indiyədək 270 kilometr ərazi təmizlənib, xətt boyunca 234 kilometr boru düzülüb. Boruların 203 kilometri qaynaq edilib. Eyni zamanda, 165 kilometr xəndək qazılıb, 134 kilometrlik hissədə borular xəndəyə endirilib. Artıq xəttin 115 kilometrlik hissəsində borular qaynaq edilərək torpağa basdırılıb. Xətt boyunca 21 kilometr sahə isə tamamilə əvvəlki vəziyyətinə gətirilib.

Hazırda Yunanıstanda layihə üzrə 2 min 500 nəfər çalışır. Onlardan 400-ü arxeoloq və bu sahədə ixtisaslaşmış işçilərdir. Layihənin həyata keçirilməsinə 176 yunan şirkəti cəlb olunub.

Boru kəmərinin inşası çərçivəsində Yunanıstanda ilk hidrosınaq bu ay uğurla başa çatıb. Bu sınaq kəmərin təhlükəsizliyini yoxlamaq üçün metoddur. Belə ki, boru kəməri su ilə doludurulur və ona nəzərdə tutulan təzyiqindən daha çox təzyiq vurulur. Hidrosınaq boru kəmərinin Yunanıstan üzrə ilk 1,4 kilometrlik hissəsini əhatə edib. Bu, tikinti prosesində çox mühüm addım sayılır. Çünki həmin sınaq texniki cəhətdən layihənin bir nömrəli prioriteti kimi tanınan boru kəmərinin təhlükəsizliyini təsdiq edir.

TAP-ın Albaniyadan keçən 215 kilometrlik hissəsinin inşasında istifadə ediləcək təxminən 13 min borunun indiyədək 85 faizi sahələrə təhvil verilib. Ötən ilin aprelindən etibarən TAP-ın Albaniya hissəsinin tikintisində istifadə olunacaq borular Durres limanına gəlməkdə davam edir. Həmin boruların ümumi çəkisi 126 min tondur.

İndiyədək Albaniyada TAP kəməri marşrutu üzrə 98 kilometr ərazi təmizlənib, 84 kilometr məsafədə borular xətt boyunca düzülüb. Boruların 71 kilometri qaynaq edilib. Təxminən 50 kilometr boru isə qaynaq edildikdən sonra torpaq altına basdırılıb.

Lakin mayın 10-da TAP qaz boru kəmərinin Albaniya ərazisindən keçən hissəsinin inşası müvəqqəti dayandırılıb. Buna səbəb tikinti işləri zamanı Korçe vilayətinin Turan kəndi ərazisində qədim yaşayış məskəninin izlərinin aşkarlanmasıdır. Qiymətləndirməyə əsasən, tapılan qalıqlar eradan əvvəl X-IX əsrlərə məxsusdur. Layihənin podratçısı tikinti işlərini dərhal dayandırıb və tapılan əşyalar barədə Albaniyanın Arxeoloji Xidmət üzrə Agentliyinə məlumat verilib. Hazırda alban arxeoloqlar tərəfindən ərazidə qazıntı işləri aparılır. Boru kəmərinin tikintisində işlər azı 1 ay gecikəcək. TAP-ın tarixi irs üzrə baş məsləhətçisi Nil Ferbern bildirib ki, konsorsium tarixi və mədəni irsin qorunmasına olduqca böyük əhəmiyyət verir.

Albaniyada giriş yollarının və körpülərin modernləşdirilməsinin birinci mərhələsi isə artıq başa çatıb. Bu mərhələdə təxminən 58 kilometr yolun, iki yeni körpünün tikintisi və 40 körpünün əsaslı təmiri, modernləşdirilməsi həyata keçirilib. Bu il Albaniyada TAP layihəsinə sərmayə qoyuluşu 400 milyon avro civarında olacaq. Ümumilikdə, TAP-ın Albaniya hissəsi 1,5 milyard avroya başa gələcək. Albaniya Bankı (“Bank of Albania”) tərəfindən yayılan məlumata görə, ötən il bu ölkədə TAP layihəsinə yatırılan 369 milyon avro dəyərindəki sərmayə birbaşa xarici investisiyaların ümumi həcminin 40 faizini təşkil edib.

TAP-ın ümumilikdə 765 kilometrlik Yunanıstan və Albaniya hissəsində boru kəməri marşrutu boyunca ərazinin 358 kilometri - təxminən 45 faizdən çoxu təmizlənib.

Boru kəmərinin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə biri Kipoidə (Yunanıstan), digəri isə Fierdə (Albaniya) olmaqla ümumilikdə iki kompressor stansiyasının tikintisinə artıq başlanılıb. Kompressor stansiyalarının Mühəndislik, Təchizat və Tikintisi (EPC) üzrə podratçı - İtaliyanın “Renco S.p.A” və Yunanıstanın “Terna S.A.” birgə müəssisəsi tikinti işlərinə başlayıb. Hazırda ərazilərdə torpaq təmizləmə işləri görülür, həmçinin lazımi materiallar sahələrə çatdırılır. İşlər qrafik üzrə aparılır. Bundan başqa, Fierdə 4 minədək daş sütunun yığılması qrafikə uyğun olaraq başlayıb. Stansiyaların inşası təxminən iki il ərzində fasiləsiz həyata keçiriləcək. TAP qaz boru kəməri üçün lazım olan turbo kompressorlar “Siemens” şirkəti tərəfindən istehsal edilir və bu ilin sonuna kimi təhvil veriləcək.

TAP-ın İtaliya ərazisindən keçən 8 kilometrlik hissəsinin tikintisi hazırda uğurla aparılır. Ətraf mühitə təsirin minimuma endirilməsi üçün boru kəmərinin İtaliya ərazisində meşələrdəki tikinti dəhlizinin eni 18 metrə endirilib. TAP-ın bu ölkədə digər ərazilərdəki tikinti dəhlizinin eni 38-28 metr təşkil edir.

İtaliyanın İqtisadiyyat Nazirliyi tərəfindən verilən müvafiq əsas icazə sənədinə uyğun olaraq TAP-ın inşasına dair digər müvafiq icazələrin alınması üzrə işlər davam etdirilir. Keçən ilin may ayından etibarən TAP-ın İtaliya hissəsinin inşasına başlanılıb. Ötən ilin yayından TAP marşrutu boyunca partlamamış hərbi sursatın olub-olmadığını yoxlamaq məqsədilə arxeoloji kəşfiyyatlar, eləcə də xətt üzrə bitən zeytun ağacları üçün fitosanitar tədbirlər (tozlanma) aparılır. Oktyabr-dekabr aylarında isə San Foça çimərliyində mikrotunelin tikintisi üzrə bütün geoloji tədqiqatlar yekunlaşıb. Cari ilin martında isə mikrotunelin tikiləcəyi ərazidən 231 zeytun ağacının ilk partiyasının köçürülməsinə başlanılıb. Lakin sonradan Latsio vilayət məhkəməsinin qərarı ilə zeytunlarının köçürülməsi işləri dayandırılıb.

Bu il aprelin 20-də isə İtaliya məhkəməsi TAP-ın bu ölkədəki hissəsinin tikintisi üçün marşrut üzərindəki zeytun ağaclarının köçürülməsi prosesinin dayandırılması ilə bağlı Latsio vilayət məhkəməsinin qərarını ləğv edib. Məhkəmənin qərarından sonra TAP nəzərdə tutulan qrafikdən geridə qalmamaq üçün mümkün qədər tez bir zamanda İtaliyadakı fəaliyyətini bərpa edib. TAP konsorsiumu İtaliyada boru kəməri marşrutu üzrə zeytun ağaclarının köçürülməsinə yenidən başlayıb. TAP bu prosesdə iştirak edən bütün hakimiyyət orqanları ilə əməkdaşlığı davam etdirir. Bütün işlər təhlükəsiz gedir və boru kəməri marşrutu boyunca qalan zeytun ağacları da köçürülür. Hazırda İtaliyada tikinti işləri qrafik üzrə aparılır.

İtaliyanın “Saipem S.p.A” şirkəti isə TAP boru kəmərinin Adriatik dənizindən keçəcək 37 düymlük və 105 kilometr uzunluğundakı hissəsinin tikintisinə 2018-ci ildə başlayacaq. Şirkət layihə üzrə mikrotunellərin tikintisi başa çatdıqdan sonra TAP-ın dənizdən keçəcək hissəsinin inşasına start verəcək. “Saipem S.p.A” tikinti işlərinə gələn il başlamağı planlaşdırır.

Ötən ilin aprelində TAP konsorsiumu “Saipem S.p.A” şirkəti ilə boru kəmərinin dəniz hissəsi üçün mühəndislik, təchizat, tikinti və quraşdırma (EPCI) müqaviləsi imzalayıb. TAP-ın Adriatik dənizində keçəcək 36 düyümlük hissəsi Albaniya və İtaliyanın cənub sahili arasında dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə və təqribən 105 kilometr uzunluğunda olacaq. Müqavilə (mikrotunel daxil olmaqla) Albaniya və İtaliyada tikinti işlərini, dəniz boru kəmərinin quraşdırılmasını, fiber-optik kabel təchizatı və quraşdırılmasını əhatə edir. İzolyasiya edilmiş 36 düyümlük borular və digər qurğular TAP tərəfindən təmin olunacaq.

TAP layihəsi Avropa enerji bazarı üçün son illər irəli sürülən ən önəmli layihələrdəndir. Layihənin strateji əhəmiyyəti onun enerji təminatının təhlükəsizliyini, mənbələrin və marşrutların şaxələndirilməsini əks etdirməsindən irəli gəlir. Bu amillər hazırda enerji tələbatının yarıdan çoxunu xarici mənbələr hesabına təmin edən və daxili enerji istehsalında nəzərəçarpacaq qıtlıq yaşayan Avropa İttifaqı (Aİ) üçün olduqca vacibdir. Bu baxımdan TAP Avropanın enerji siyasətində mühüm əhəmiyyət kəsb edir.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), “Cənub Qaz Dəhlizi” QSC (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).

Nihad Budaqov

AZƏRTAC-ın aparıcı müxbiri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.