İQTİSADİYYAT
Azərbaycan tədqiqatçıları islam maliyyələşməsi üzrə simpoziumda iştirak edə bilərlər
Bakı, 24 iyul, AZƏRTAC
Oktyabrın 28-29-da Mərakeşdə "Uzunmüddətli maliyyələşmə və islam kapital bazarlarının inkişafı. 2008-ci il qlobal maliyyə böhranından sonra" mövzusunda ikinci illik islam maliyyələşməsi simpoziumu keçiriləcək. Simpoziumda Azərbaycanda fəaliyyət göstərən tədqiqatçılar və elmi işçilər də iştirak edə bilərlər.
İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutundan AZƏRTAC-a bildiriblər ki, simpoziumun həmtəşkilatçıları Dünya Bankı, İslami Tədqiqatlar və Təlim İnstitutu və Maliyyə Qrupunun Rəhbərliyidir (Guidance Financial Group). Nəzəri və empirik tədqiqatlar üzrə məqalələrin seçimində əsasən uzunmüddətli investisiyalarda islam kapital bazarlarının, uzunmüddətli investisiyanın təşviqi üçün islam maliyyələşməsinin rolu, səhm bazarları uzunmüddətli investisiya kimi, kapital bazarlarında risklərin paylanması üzrə əsaslı təhlükəsizliyin təşviqi, KOS-ların maliyyələşməsi üçün innovativ islami modellər, uzunmüddətli mənzil təminatı maliyyələşməsi və islam maliyyələşməsi modelləri, infrastrukturun, bələdiyyənin maliyyələşməsi, islam maliyyələşməsi yolu ilə uzunmüddətli maliyyələşməyə dair nümunələr, uzunmüddətli maliyyələşmədə çoxtərəfli inkişaf banklarının rolu, islam kapital bazarları haqqında bazar infrastrukturu və tənzimləyici çərçivə (normativ-hüquqi baza), uzunmüddətli maliyyələşmədə mühafizə riskləri, maliyyə vasitələrinin rolu və s. mövzulara üstünlük veriləcək.