ELM VƏ TƏHSİL


Azərbaycan təhsil sisteminin formalaşmasında Ulu Öndərin əvəzsiz xidmətləri var

Bakı, 9 dekabr, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan anma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə güllər düzülüb.

Tədbir universitetin Heydər Əliyev Mərkəzində davam etdirilib.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, ulu öndər Heydər Əliyev dövlətimizin hərtərəfli inkişafında və dünya miqyasında tanınmasında əvəzsiz xidmətlər göstərmiş böyük tarixi şəxsiyyətdir. Biz bu gün həyatımızın hansı sahəsinə diqqət yetirsək, xalqımızın böyük oğlunun fədakar əməyini, çoxcəhətli fəaliyyətini görürük. Dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə gəlişi qısa müddətdə istehsalın, elmin, mədəniyyətin inkişafına, milli ruhun, milli özünüdərkin və milli qürurun yüksəlməsinə səbəb oldu. Ümummilli Lider XX əsrin sonu və XXI əsrin əvvəllərində böyük siyasi məharətlə Azərbaycanı, dövlətçiliyimizi, müstəqilliyimizi hədələyən bütün bəlaları dəf edib, iqtisadiyyatımızın, beynəlxalq əlaqələrimizin, milli birliyimizin möhkəm özülünü quraraq bizlərə əmanət edib.

Görkəmli dövlət xadimi Heydər Əliyevin elmə, təhsilə daim böyük qayğı və diqqət göstərdiyini deyən C.Cəfərov qeyd edib ki, Azərbaycanda təhsil sisteminin, o cümlədən ali təhsil müəssisələrinin formalaşmasında, dövrün tələblərinə uyğun yenidən qurulmasında, sürətli inkişafında, milli kadrların hərtərəfli hazırlanmasında bu böyük şəxsiyyətin əvəzsiz xidmətləri vardır. Ulu Öndər ADPU-nun tədris və elmi həyatı ilə daim maraqlanıb, Pedaqoji Universitetin yenidən qurulması, genişlənib möhkəmlənməsi üçün ciddi tədbirlər həyata keçirib. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

ADPU-nun elmi işlər üzrə prorektoru, professor Asəf Zamanov ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında göstərdiyi böyük tarixi xidmətlərdən danışıb, onu qüdrətli siyasi xadim, görkəmli dövlət rəhbəri kimi səciyyələndirib.

Tədbirdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.