ELM VƏ TƏHSİL
Azərbaycan təhsilinin Avropa təhsil məkanına inteqrasiyasında “Tvinninq” layihəsinin böyük əhəmiyyəti var
Bakı, 2 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində “Ali təhsil sisteminin Avropa ali təhsil məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi” layihəsi əsasında reallaşan “Tvinninq” layihəsi çərçivəsində məsul icraçılarla görüş keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Elm və Təhsil İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Azərbaycanda təhsilin Bolonya prosesi çərçivəsində Avropa təhsil məkanına inteqrasiyasında “Tvinninq” layihəsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib. O, akademiyada magistratura və doktorantura təhsili ilə bağlı həyata keçirilən islahatlar, birgə əməkdaşlıq prespektivlərindən danışıb.
Layihənin rezident tvinninq müşaviri Reijo Aholainen bu sahədə görülmüş işlər barədə ətraflı məlumat verib. Müşavir AMEA-nın təkliflərinin və tövsiyələrinin layihə icraçıları üçün böyük maraq kəsb etdiyini deyib.
Görüşdə Estoniya Respublikasının Ali və Peşə Təhsilində Keyfiyyətin Təminatı üzrə Agentliyini təmsil edən Heli Mattisen “Elm haqqında” Azərbaycan Respublikası Qanununda təsbit olunmuş “Tədqiqat universiteti” təsisatı ilə bağlı məlumat almaq istədiyini bildirib.
Finlandiyanın Təhsilin Qiymətləndirilməsi Mərkəzini təmsil edən Helka Kekalainen Azərbaycanda elmin və təhsilin milli, Avropa və qlobal səviyyələrdə inkişafı ilə bağlı son illərdə həyata keçirilmiş islahatlarla maraqlanıb.
Ə.Sadıqov qonaqları maraqlandıran sualları cavablandırdıqdan sonra Azərbaycanın ali təhsil sisteminin Avropa ali təhsil məkanının tələblərinə uyğunlaşdırılması istiqamətində görülən işlər və “Erasmus+” proqramı çərçivəsində həyata keçirilən “Nizami” layihəsi haqqında danışıb. O, layihə çərçivəsində qarşıya qoyulan məqsədlərə müvafiq olaraq milli standartlara və təlimatlara uyğun tövsiyələrin hazırlandığını qeyd edib.
Görüşdə Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini Vaqif Quliyev AMEA-nın beynəlxalq elmi əməkdaşlıq imkanlarından danışıb.