İDMAN
Azərbaycan təmsilçiləri İnkişaf və Sülh üçün Beynəlxalq İdman Günü ilə bağlı təşkil olunan turnirdə qalib gəliblər
Bakı, 27 aprel, AZƏRTAC
İnkişaf və Sülh üçün Beynəlxalq İdman Günü münasibətilə BMT-nin Cenevrə şəhərində yerləşən bölməsi və digər ölkələrin beynəlxalq təşkilatlar yanında akkreditə olunmuş Daimi nümayəndəlikləri və beynəlxalq qurumlar arasında mini futbol turniri təşkil edilib.
Turnirdə Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin əməkdaşları da iştirak ediblər.
Nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, yarışlardan əvvəl ölkəmiz, habelə “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı rəqib komandalara kitab və jurnallar təqdim olunub.
Turnirin qrup mərhələsində bütün rəqiblərini məğlub edən komandamızın yarımfinalda rəqibi Türkmənistan, Gürcüstan, Misir, Latviya, Qırğızıstan, Moldova və Tacikistan Daimi nümayəndəliklərinin əməkdaşlarından ibarət yığma komanda olub. Rəqibini 8:4 hesabı ilə məğlub edən təmsilçilərimiz finalda Paraqvay və Venesuela Daimi nümayəndəliklərinin əməkdaşlarından ibarət yığma komanda ilə qarşılaşıblar. Final görüşündə 5:4 hesabı ilə qələbə qazanan Daimi Nümayəndəliyimizin kollektivi turnirin qalibi olub, kubok və medallarla təltif edilib.
Turnirdə 20-dən çox ölkənin nümayəndələri mübarizə aparıblar.