MƏDƏNİYYƏT
Azərbaycan təmsilçisi Elnur Hüseynov “Eurovision” mahnı müsabiqəsinin finalına vəsiqə qazanıb VİDEO
Vyana, 22 may, AZƏRTAC
Azərbaycanın “Eurovision-2015” mahnı müsabiqəsində təmsilçisi Elnur Hüseynov bu mötəbər yarışmanın finalına vəsiqə qazanıb.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Elnur Hüseynov müsabiqədə İsveç bəstəkarları Sandra Byurman, Nikolas Rebşer, Lina Hansonun bəstələdikləri “Hour of wolf” mahnısını ifa edib.
Azərbaycan təmsilçisi geyimindən tutmuş səhnə tərtibatına qədər mükəmməl performans nümayiş etdirib. O, səhnəyə fərqli hərəkət edən və vəhşi canavarları xatırladan isveçli rəqqaslarla çıxıb.
Təmsilçimizin şousunda sevgidə baş verən dəyişikliklər, hər bir qəlbin mübarizəyə layiq olduğu səhnə performansında təcəssüm olunur. İnsanlar bir-birinə, ətrafdakılara daha həssas olmağa çağırılır. Elnur Hüseynovun ifası rəqqasların fərqli formada rəqsi ilə müşayiət olunur.
Həzin səsi, gözəl ifa tərzi ilə seçilən Elnur Hüseynov “Eurovision-2015” mahnı müsabiqəsinin favoritlərindən hesab olunur. Jurnalistlər və müsabiqəni izləmək üçün Avropanın müxtəlif ölkələrindən gəlmiş azarkeşlər təmsilçimizin finalda şansını yüksək qiymətləndirirlər.
Bir müddət Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalışan Elnur Hüseynov pop, caz, blüz formatında musiqilərin, həmçinin soul, ballada janrlarında mahnıların mahir ifaçısıdır.
Elnur Hüseynov ABŞ-ın tanınmış caz vokalçısı Debora Karterin rəhbərliyi ilə vokal göstəricilərini daha da artıra bilib. O, Samir Cavadzadə ilə birgə 2008-ci ildə Serbiyada keçirilən “Eurovision” mahnı müsabiqəsində iştirak edərək “Day after day” mahnısı ilə səkkizinci yerə sahib olub. Təmsilçimiz “Notr dam de Paris” myuzikl tamaşasında əsas partiyalardan birini ifa edib.
Elnur Hüseynov Türkiyədə keçirilən “O səs” telelayihəsinin final mərhələsində müsabiqənin tarixində rekord səs toplayaraq qalib olub. O, bir sıra mötəbər yarışlarda ölkəmizi layiqincə təmsil edib, mükafatlara layiq görülüb.
Anar Rzayev
AZƏRTAC-ın müxbiri
Vyana