CƏMİYYƏT


Azərbaycan tolerantlıq nümunəsidir

A+ A

Bakı, 16 noyabr, AZƏRTAC

Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində (MMTƏM) “Azərbaycan tolerantlıq nümunəsidir” mövzusunda tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov, şərqşünas alim, Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev, fondun əməkdaşları və Könüllülər Birliyinin üzvləri iştirak ediblər.

Fonddan AZƏRTAC-a bildiriblər ki, tədbirdə MMTƏM-in direktoru Əhməd Sami Elaydi Azərbaycanda yaşadığı müddətdə qarşılaşdığı isti, mehriban münasibətdən, şahidi olduğu tolerant mühitdən söz açıb. Vurğunlanıb ki, Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin qovuşduğu bir məkan olaraq multikultural ənənələrə sadiqliyini daim nümayiş etdirib.

Bilik Fondunun Beynəlxalq Tolerantlıq Günü ərəfəsində ölkəmizin müxtəlif bölgələrində həyata keçirdiyi tədbirlərdən danışan O.Səmədov diqqətə çatdırıb ki, tolerantlıq Azərbaycanın ideoloji, milli və ictimai təhlükəsizliyinin təminatıdır. Tolerantlıq, həmçinin xalqımızın genetik yaddaşında kök salmış bir dəyərdir.

Müxtəlif dinlərin nümayəndələrinin Azərbaycanda sülh şəraitində yaşadığını bildirən V.Məmmədəliyev qeyd edib ki, ölkəmizdə onların hər birinə hörmətlə yanaşılır. O deyib: “Azərbaycan xalqının xəmiri qonşularına məhəbbətlə, başqa xalqların və dinlərin nümayəndələrinə hörmətlə yoğurulub. Artıq beynəlxalq ictimaiyyət də Azərbaycanın multikultural ənənələrinin nümunə olduğunu etiraf edir”.

Tədbirdə çıxış edən A.Məmmədov tolerantlıq ənənələrini azərbaycançılıq ideologiyasının əsas dayağı kimi dəyərləndirib. Bildirilib ki, sivilizasiyaların qovuşduğu Azərbaycanda dini, milli, irqi tolerantlıq xalqımızın qazandığı böyük nailiyyətdir. Multikulturalizmi başlıca siyasi prioritetlərdən birinə çevirən Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinə tarixən tolerant münasibət göstərilib.

Digər çıxış edənlər Azərbaycanın multikulturalizm modelinin dünyada tanıdılmasında, tolerantlığın qorunub saxlanmasında və gələcək nəsillərə ötürülməsində gənclərin qarşısında duran vəzifələrdən söz açıblar.

Sonda “Azərbaycan tolerantlıq nümunəsidir” sənədli filmi nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.