MƏDƏNİYYƏT
“Azərbaycan torpağına türbət demişəm” kitabının təqdimatı keçirilib
Bakı, 7 dekabr, Z.Mansurova, AZƏRTAC
Dekabrın 7-də Azərbaycan İstiqlal Muzeyində Hacı Səlim Axundzadənin “Azərbaycan torpağına türbət demişəm” adlı xatirə kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, muzeyin direktoru Fəridə Şəmsi kitab haqqında məlumat verib. Bildirib ki, kitab Azərbaycanda XX əsrin əvvəllərində baş verən hadisələrdən bəhs edir. Nəşrdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, bu yolda xalqımızın qarşılaşdığı məşəqqətlər və digər tarixi məqamlar əks olunub.
Kitabın cümhuriyyət dövründə baş verən hadisələrin birbaşa iştirakçısı olmuş Hacı Səlim Axundzadənin mühacirətdə olarkən yazdığı söylənilib. Vurğulanıb ki, müəllif qəflətən vəfat etdiyi üçün kitab yarımçıq qalıb. Əsər yarımçıq qalsa da, burada canlı hadisələr əks olunub və bu, Azərbaycan Xalq Cümhuriyyəti dövrünü tədqiq etməyə imkan verən mənbə kimi olduqca qiymətlidir.
Tədbirdə çıxış edən digər natiqlər müstəqil Azərbaycanın azadlığı uğrunda millət fədailərinin necə məşəqqətli yol keçdiklərini bildiriblər. Vurğulanıb ki, bu kitab tariximizin araşdırıcıları baxımından dəyərli mənbədir.
Sonda kitabı tərtib edən və çapa hazırlayan Tufan Axundzadə bu əlyazmanı müəllifin oğlu Zahir Axundzadənin qoruyub saxladığını bildirib. Kitabı ərəb qrafikasından latın qrafikasına və fars dilindən Azərbaycan dilinə Məhəmməd Muxtarinin tərcümə etdiyini söyləyib.
Bildirilib ki, kitabın redaktoru Gülşən Axundovadır.
Sonda iştirakçılar muzeyin foyesində cümhuriyyət dövrünü əks etdirən fotoşəkillərdən ibarət sərgi ilə tanış olublar.