CƏMİYYƏT
Azərbaycan ulu öndər Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində üçüncü minilliyə inamla qədəm qoyub
Bakı, 12 dekabr, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə əlaqədar “Azəravtoyol” ASC-də anma mərasimi keçirilib.
Mərasim iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin ASC-nin inzibati binasındakı büstü önünə gül dəstələri qoyublar.
Tədbirdə Azərbaycan xalqı və dövləti qarşısında misilsiz tarixi xidmətləri olan ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov çıxış edərək müstəqil Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətləri, demokratik hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barədə məlumat verib.
Bildirilib ki, tarixin yetirdiyi nadir şəxsiyyətlərdən olan ulu öndər Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin qovuşuğunda Azərbaycan öz milli-mənəvi dəyərlərini qoruyaraq üçüncü minilliyə inamla qədəm qoyub. Ümummilli lider Heydər Əliyevin zəkası bütün sədləri yararaq, qarşıya çıxan heç bir çətinliyə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxarıb ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırıb.
Daha sonra cəmiyyətin rəhbərliyi və əməkdaşları Fəxri xiyabana gedərək müasir, müstəqil Azərbaycan dövlətinin memarı, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.