SİYASƏT


Azərbaycan universitetlərinin vyetnamlı məzunları ikitərəfli münasibətlərin inkişafına töhfə verməyə hazırdırlar

A+ A

Bakı, 18 noyabr, AZƏRTAC

Vyetnamın Xo Şi Min şəhərində Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 25 illiyinə həsr edilən tədbir keçirilib.

Ölkəmizin Hanoydakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, şəhər icra orqanları rəsmilərinin, Vyetnam–Azərbaycan Dostluq Təşkilatının Xo Şi Mində yaşayan üzvlərinin, kütləvi informasiya vasitələri nümayəndələrinin iştirak etdikləri tədbirdə səfir Anar İmanov Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması, möhkəmləndirilməsi, respublikanın sosial-iqtisadi inkişafı, regionda və beynəlxalq aləmdəki mövqeyi, Azərbaycan-Vyetnam münasibətləri barədə geniş məlumat verib.

Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasət nəticəsində ölkəmizin ərazisinin 20 faizinin işğal olunduğunu, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini diqqətə çatdıran səfir Ermənistanın BMT, Avropa İttifaqı, Avropa Şurası, ATƏT kimi nüfuzlu təşkilatların münaqişənin həlli ilə bağlı qərar və qətnamələrinə məhəl qoymadığını bildirib.

Səfir A.İmanov ümummilli lider Heydər Əliyevin Azərbaycanda sülhün və sabitliyin bərpa olunması, dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkəmizin iqtisadi inkişafının, beynəlxalq nüfuzunun artırılmasındakı rolundan bəhs edib, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Azərbaycan-Vyetnam münasibətlərinə toxunan diplomat 1959-cu ildə Vyetnamın keçmiş Prezidenti Xo Şi Minin Azərbaycana, 1983-cü ildə ümummilli lider Heydər Əliyevin Vyetnama, habelə son illər dövlət başçılarının qarşılıqlı səfərlərinin ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlığın qurulması və inkişafında müstəsna əhəmiyyət daşıdığını bildirib.

Tədbirdə çıxış edən Vyetnam–Azərbaycan Dostluq Təşkilatının üzvləri təbriklərini çatdırıb, ölkəmizin daha da inkişafı ilə bağlı arzularını dilə gətiriblər. Onlar ölkələrimiz arasında dostluq və əməkdaşlığın son illər daha da inkişafından məmnunluqlarını ifadə edib və çalışdıqları sahələr üzrə ikitərəfli münasibətlərin genişlənməsinə töhfə verməyə hazır olduqlarını vurğulayıblar.

Sonda Azərbaycan haqqında video nümayiş etdirilib, səfirliyin ölkəmizlə bağlı Vyetnam dilində nəşr etdirdiyi kitablar tədbir iştirakçılarına paylanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.