İQTİSADİYYAT
“Azərbaycan uşaq qaynar xətt” xidməti maarifləndirmə kampaniyası keçirib
Bakı, 7 noyabr, AZƏRTAC
“Azercell Telekom” MMC–nin dəstəyi ilə fəaliyyət göstərən “Azərbaycan uşaq qaynar xətt” xidməti “Uşaq hüquqları aylığı” çərçivəsində Sabunçu rayonu, 252 nömrəli məktəbin 8-9-cu sinif şagirdləri, məktəbin nümayəndələri və valideynlərin iştirakı ilə görüş təşkil edib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, tədbirdə xidmətin fəaliyyəti, eləcə də “Zərərli vərdişlər”, “Erkən nikahın qarşısının alınması” və uşaq hüquqlarına dair digər mövzularda təqdimatlar olub, müzakirələr aparılıb. Həmçinin iştirakçılara “Uşaq qaynar xətt” xidmətinə dair məlumat xarakterli buklet, stikerlər paylanılıb və şagirdləri maraqlandıran suallar cavablandırılıb.
2010-cu ildə Bakıda yaradılan “Azərbaycan uşaq qaynar xətt” xidmətinin məqsədi uşaqlara ilkin psixoloji yardım, emosional dəstəyin, təxirəsalınmaz köməyin göstərilməsi, müxtəlif problemlərin həllinə dair məsləhətlərin verilməsi, habelə reabilitasiya mərkəzlərinə və digər xidmətlərə yönləndirməsidir. Fəaliyyət göstərdiyi müddətdə xidmətə müxtəlif problemlərlə bağlı ölkənin bir çox şəhər və rayonlarından uşaq və gənclər, habelə valideynlər tərəfindən 15 minə yaxın müraciət daxil olub.
“Azərbaycan uşaq qaynar xətt” xidmətindən daha çox dövlət uşaq müəssisələrində olan, küçədə yaşayan və işləyən, istismara və zorakılığa məruz qalan, psixoloji və emosional problemlərlə üzləşən, kobud rəftara məruz qalan, fiziki və əqli cəhətdən əlilliyi olan, qaçqın və məcburi köçkün uşaqları istifadə edirlər.
“Qaynar xətt”in üstünlüyü isə bu xidmətə müraciət edən uşaqların anonimliyinin qorunmasıdır ki, bu da onların daha səmimi olmasına şərait yaradır. Bundan əlavə, 24 saat fəaliyyət göstərən “Azərbaycan uşaq qaynar xətt” xidmətinə həm şəhərdaxili, həm də “Azercell” nömrələrindən edilən zənglər ödənişsizdir. Uşaqlara Bakıda (012) 480 22 80; (051) 880 11 80 və (050) 680 22 80; (088) 480 22 80, Gəncədə isə (022) 256 20 40; (051) 880 22 80; (051) 580 22 80; (088) 256 20 40 əlaqə nömrələri ilə günün istənilən saatında qaynar xətt xidmətinə müraciət etmək imkanı yaradılıb.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət etmək olar.