CƏMİYYƏT


Azərbaycan və Aleksandr Baqrinin elmi irsi

A+ A

Kiyev, 13 iyul, AZƏRTAC

“Zarya Poltavşinı” qəzetində Ukrayna dilində “Azərbaycan və Aleksandr Baqrinin elmi irsi” sərlövhəli məqalə dərc olunub. Məqalə görkəmli alim, Ukrayna və Azərbaycan xalqlarının şanlı oğlu Aleksandr Baqrinin anadan olmasının 125 illiyinə həsr edilib.

Məqalənin müəllifi “İnkişaf və dünya” İctimai Birliyinin sədri, “Azərbaycan və A.V. Baqrinin elmi irsi” layihəsinin rəhbəri Namazəli Mustafayevdir.

Analitik materialda əslən Ukraynadan olan, Bakıya köçən alim, pedaqoq, Azərbaycanda yeni elmi istiqamətin - “şevçenkoşünaslığ”ın banisi, biblioqraf, folklorşünas Aleksandr Baqrinin həyat və fəaliyyətindən ətraflı söz açılıb.

Aleksandr Baqri ötən əsrin 20-ci illərində Azərbaycan hökumətinin dəvəti ilə ölkəmizə gələn və ikinci Vətəninə çevrilən bu diyarın rifahı naminə yaşayıb-yaradan alimlərdən biridir.

A.V.Baqrinin elmi və mədəni irsini təbliğ edən müəllif yazır ki, alim ölkəmizdə yaşadığı ilk illərdə “Azərbaycanın biblioqrafik materialları” adlı maraqlı əsər nəşrə hazırlayıb. O, 1924-1926-cı illərdə 3 hissədən ibarət “Azərbaycan biblioqrafiyası üçün materiallar” əsərini yazıb. Kitabın hissələrindən biri Azərbaycan xalqının folkloru ilə bağlı olub. Bir qədər sonra onun “Azərbaycanın və ətraf ölkələrin folkloru” üçcildliyi işıq üzü görüb. Müəllif birinci cildə ölkəmizə çoxsaylı elmi ekspedisiyalara zamanı yazdığı Azərbaycan nağıllarını, zərb-məsəllərini daxil edib. Sonra Azərbaycan folklorşünası Hənəfi Zeynallı ilə birlikdə “Azərbaycan türk nağılları” toplusunu nəşr etdirib.

N.Mustafayev vurğulayıb ki, Azərbaycan Dövlət Universitetinin professoru A.Baqri gözəl ictimai xadim olub. Onun Azərbaycan folklorunun təbliğində xüsusi xidmətləri var.

Azərbaycana böyük məhəbbətlə bağlı olan Aleksandr Baqri haqqında analitik materialın müəllifi yazır: “İnanıram ki, bu gözəl alim unudulmayanlardan olacaq”.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.