İQTİSADİYYAT
Azərbaycan və Avropa İttifaqı arasında “Vahid aviasiya məkanına dair Saziş” üzrə danışıqlar aparılıb
Bakı, 5 iyul, Elvin Camalov, AZƏRTAC
Azərbaycan və Avropa İttifaqı arasında “Vahid aviasiya məkanına dair Saziş” üzrə danışıqlar aparılıb.
Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyulun 4-5-də Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqının Nəqliyyat Departamentində “Avropa İttifaqı və onun üzv dövlətləri və Azərbaycan Respublikası arasında vahid aviasiya məkanına dair Saziş” üzrə danışıqların ikinci mərhələsi keçirilib.
Danışıqlarda Azərbaycan tərəfdən Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Nümayəndə heyətinin tərkibinə Dövlət Mülki Aviasiya Administrasiyasının və Azərbaycan Respublikasının Belçikadakı səfirliyinin əməkdaşları, o cümlədən Xarici İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin təmsilçiləri də daxil olub.
Görüşdə hər iki tərəf bu sazişi imzalamaq niyyətlərini bildirib.
Danışıqlar zamanı Azərbaycan tərəfinin irad, təklif və arzuları müzakirə edilib, bir sıra tam aydın olmayan məsələlərə dair izahatlar verilib. Görüşün nəticəsi olaraq protokol imzalanıb.
Danışıqların növbəti – 3-cü mərhələsinin Bakı şəhərində keçirilməsi qərara alınıb. O zamana kimi Azərbaycan Respublikasının digər nazirlik və komitələrinin rəyləri nəzərə alınaraq operativ şəkildə Avropa İttifaqı və üzv dövlətlərinə bildirilməsi və Bakıda keçiriləcək görüşdə artıq sazişin yekun variantının hazırlanması gözlənilir.
“Vahid aviasiya məkanı haqqında Saziş” layihəsi üzrə danışıqların başlanması xüsusilə onunla əlamətdardır ki, ən yaxın perspektivdə Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında “Əməkdaşlıq və tərəfdaşlıq haqqında” yeni Sazişin imzalanması gözlənilir”, - deyə Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov vurğulayıb.
Onun sözlərinə görə, sözügedən görüş Azərbaycanla Avropa arasındakı dialoqa xüsusi töhfə verəcək.
Arif Məmmədov, həmçinin Azərbaycanın mülki aviasiya sahəsində artıq müəyyən müsbət əməkdaşlıq təcrübəsinə malik olduğunu qeyd edib.