SİYASƏT
Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin perspektivləri müzakirə edilib
Bakı, 9 dekabr, AZƏRTAC
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Hamburqda keçirilən ATƏT Nazirlər Şurasının 23-cü iclası çərçivəsində Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ətraflı fikir mübadiləsi aparılıb.
E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin mövcud vəziyyəti barədə həmsöhbətinə məlumat verib. Bildirib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz mövcudluğu münaqişə zonasında gərginliyin əsas səbəbi və problemin siyasi həllinə başlıca maneə olaraq qalır.
Vyana və Sankt-Peterburqdakı yüksək səviyyəli substantiv müzakirələri doğru istiqamətdə atılmış müsbət addımlar kimi qiymətləndirən Elmar Məmmədyarov Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasının regionda ümumi təhlükəsizlik mühitinin əhəmiyyətli dərəcədə yaxşılaşmasını təmin edəcəyini bildirib.
Nazir Ermənistanın destruktiv siyasət yürüdərək substantiv danışıqlardan yayındığını, Azərbaycanın işğal olunmuş ərazilərində hərbi quruculuğunu möhkəmləndirdiyini, bu ərazilərin demoqrafik, mədəni və fiziki xarakterini dəyişdirdiyini, nəticə etibarilə status-kvonu saxlamağa çalışdığını diqqətə çatdırıb.
Münaqişənin həlli prosesində Avropa İttifaqının dəstəyi ilə aparılan xalq diplomatiyası tədbirlərinə toxunan Elmar Məmmədyarov Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında dialoqun inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb.
Herbert Salber ətraflı məlumata görə təşəkkür edib, həmçinin Avropa İttifaqının dəstəyi ilə münaqişənin həllinə töhfə vermək məqsədi daşıyan ictimai layihələr barədə məlumat verib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.