İQTİSADİYYAT
Azərbaycan və Avropa sərhədlərarası mobil identitet xidmətlərinin tətbiqinə dair layihəyə start verilir
Bakı, 26 iyul, AZƏRTAC
Avropa Rəqəmsal İdentitet və Təhlükəsizlik Assosiasiyasının (ARİTA) üzvü seçilmiş "B.EST Solutions" şirkəti assosiasiya ilə birgə Azərbaycan və Avropa arasında sərhədlərarası mobil identitet xidmətlərinin tətbiqinə dair yeni layihəyə başlayır.
Şirkətdən AZƏRTAC-a bildiriblər ki, sözügedən layihənin icrası Azərbaycanın "Asan imza" mobil elektron imza texnologiyasının Avropa rəqəmsal mühitində tanınması ilə nəticələnəcək.
ARİTA-nın sədri Con Şamanın sözlərinə görə, assosiasiyanın əhatəli şəbəkəsi və geniş imkanları sayəsində "B.EST Solutions" bu istiqamətdə daha səmərəli fəaliyyət göstərmək məqsədilə Avropa rəqəmsal identitet bazarının əsas iştirakçıları ilə əməkdaşlıq qura biləcək. "B.EST Solutions" şirkəti artıq Avropa rəqəmsal məkanında mobil ID və imza xidmətinin inteqrasiyası üçün mümkün sahələrin araşdırılmasına başlayıb. Bu baxımdan xüsusilə cəlbedici istiqamətlər arasında avrozona daxilində təhlükəsiz sərhədlərarası rəqəmsal identitet texnologiyasının tətbiqini və istifadəsini nəzərdə tutan "Stork 2.0" və "FutureID" layihələrini qeyd etmək mümkündür.
Hollandiyanın nüfuzlu "The Paypers" nəşri yazır ki, Avropa Rəqəmsal İdentitet və Təhlükəsizlik Assosiasiyası mobil identifikasiya və imza sahəsində Azərbaycanın təcrübəsindən yararlanacaq.
"B.EST Solutions" şirkətinin fəaliyyəti başlıca olaraq dövlət və özəl sektorda elektron idarəetmə sistemləri üçün effektiv həllərin hazırlanması, eləcə də rəqəmsal identitet və elektron imza xidmətlərinin göstərilməsi üzərində qurulub. Azərbaycanda "Asan imza" mobil elektron imza texnologiyasını tətbiq edən şirkət ölkədə elektron hökumətin yaranması və inkişafında rolu olan əsas iştirakçılardan biridir.