CƏMİYYƏT


Azərbaycan və Avstriya arasında miqrasiya sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Bakı, 18 may, AZƏRTAC

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin Vyanaya səfəri çərçivəsində Avstriya Federal Daxili İşlər Nazirliyinin Sığınacaq, Miqrasiya, Vətəndaşlıq, Vətəndaşlıq vəziyyəti məsələləri və İnsan Hüquqları üzrə Baş direktorluğunun, həmçinin Polis, mülki müdafiə və böhran vəziyyətlərinin idarəolunması üzrə Baş direktorluğunun, o cümlədən İmmiqrasiya və Sığınacaq üzrə Federal Ofisin və Dublin və Beynəlxalq əlaqələr üzrə departamentin rəhbərləri ilə keçirdiyi görüşlərdə iki ölkə arasında miqrasiya sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.

Dövlət Miqrasiya Xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşlərdə Azərbaycanla Avstriya arasında dostluq münasibətləri barədə ətraflı söhbət açılıb. Firudin Nəbiyev Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda sosial-iqtisadi tərəqqi, sabitlik, təhlükəsizliyin yüksək səviyyədə təmin olunması nəticəsində əldə edilmiş nailiyyətlərdən danışıb. Qeyd edilib ki, bu amillər respublikamızın miqrasiya baxımından mənşə ölkədən tranzit və təyinat ölkəyə çevrilməsi ilə nəticələnib. Dünyada və regionda gedən proseslərin əvvəlcədən düzgün proqnozlaşdırılması nəticəsində hələ 10 il əvvəl Azərbaycanda miqrasiya sahəsində vahid dövlət siyasətini həyata keçirən xüsusi dövlət qurumunun yaradılması obyektiv zərurət kimi meydana çıxıb və mərkəzi icra hakimiyyəti orqanı olaraq Dövlət Miqrasiya Xidməti yaradılıb. Xidmət əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması, ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud icazələrin müddətlərinin uzadılması, həmçinin vətəndaşlığa qəbul, bərpa, xitam, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, qeyri-qanuni miqrasiyanın qarşısının alınması üzrə kompleks tədbirlərin görülməsi ilə bağlı fəaliyyət həyata keçirir. Ölkədə 2009-cu il iyulun 1-dən miqrasiya proseslərinin idarəolunmasında “bir pəncərə” prinsipinin tətbiq edilməsinə başlanılıb və bu prinsip üzrə vahid dövlət orqanının səlahiyyətləri Dövlət Miqrasiya Xidmətinə həvalə olunub.

Xidmət rəisi vurğulayıb ki, ötən dövrdə Azərbaycanda miqrasiya idarəetmə mexanizminin təkmilləşdirilməsi, miqrasiya proseslərinin idarəolunması və tənzimlənməsi məqsədilə həm qanunvericilik, həm də onun tətbiqi ilə bağlı dövlət tərəfindən bir sıra ciddi addımlar atılıb. Hazırda dünyada cərəyan edən qloballaşma fonunda Azərbaycan regionda gedən miqrasiya proseslərinə təsir etmək, ölkə ərazisinə olan miqrasiya axınlarını nəzarətdə saxlamaq və miqrasiya proseslərini yerli qanunvericiliyə uyğun idarə etmək və tənzimləmək üçün fəal miqrasiya siyasəti yeridir.

Respublikamızın mütərəqqi miqrasiya qanunvericiliyindən danışan Xidmət rəisi ilk dəfə Azərbaycanda qəbul edilmiş Miqrasiya Məcəlləsində əksini tapmış müvafiq normaların tətbiqinin sadələşdirilməsindən bəhs edib. Bildirib ki, bütün bunlar Azərbaycan dövlətinin humanist mahiyyətinin nümunəsidir. Azərbaycanda qaçqın statusunun verilməsi üçün vəsatət qaldıran, qaçqın statusu almış şəxslərə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin alınması tələb olunmur. Bununla belə, qaçqın statusu verilməsi barədə vəsatətlə müraciət edən və qaçqın statusu alan şəxslər Xidmətin müasir standartlara cavab verən qeyri-qanuni miqrantların saxlanılması mərkəzlərinə könüllü yerləşdirilirlər.

Xidmət rəisi ölkəmizdə multikultural dəyərlərə verilən önəmdən bəhs edib və bu günə qədər miqrantlara münasibətdə milli, etnik və dini zəmində heç bir hüquq pozuntusunun qeydə alınmadığını diqqətə çatdırıb. Qeyd edib ki, Xidmətin Vahid Miqrasiya Məlumat Sistemi əcnəbinin ölkəyə gəldiyi vaxtdan ölkəni tərk edənə qədər harada qalması, yaşaması, işləməsi və s. məsələlərinin tam nəzarətdə saxlanılmasına imkan verir.

Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın bir milyon qaçqın və məcburi köçkün axını ilə üzləşdiyini bildirən F.Nəbiyev deyib ki, həmin təcavüz bu gün də davam edir. O, Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində gördüyü işlər barədə məlumat verib.

Görüşlərdə miqrasiya məsələləri və qarşılıqlı maraq doğuran digər mövzular barədə ətraflı fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.