SİYASƏT
Azərbaycan və Avstriya nazirlərinin görüşündə ATƏT-in Yerevan ofisi ilə əlaqədar məsələlər müzakirə edilib
Bakı, 18 fevral, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 53-cü Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Avstriyanın xarici işlər naziri Sebastian Kurz və ATƏT-in Baş katibi Lamberto Zannier ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüş əsnasında nazirlər bu il Azərbaycan və Avstriya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunduğu diqqətə çatdırıblar.
Tərəflər ATƏT-in gündəliyində duran məsələlər və fəaliyyətdə olan sədr kimi Avstriyanın prioritetləri barəsində fikir mübadiləsi aparıblar.
Görüşdə ATƏT-in Yerevan ofisi ilə əlaqədar məsələlər müzakirə olundu. Nazir Elmar Məmmədyarov ATƏT-in Yerevan ofisinin mandatına zidd fəaliyyəti barəsində Azərbaycanın narahatlığı və mövqeyini bir daha həmsöhbətlərin diqqətinə çatdırıb.