İQTİSADİYYAT
Azərbaycan və Başqırdıstan qurumları arasında ikitərəfli əməkdaşlıq razılaşmaları imzalanıb
Bakı, 17 dekabr, AZƏRTAC
Başqırdıstan Respublikası Ticarət və Sənaye Palatasının təşəbbüsü ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatının Milli Konfederasiyası, ASK Biznes Konsaltinq, “AZPROMO” və Rusiya-Azərbaycan İşgüzar İqtisadi Klubu ilə birgə işgüzar biznes forum keçirilib.
Sahibkarlar Konfederasiyasından AZƏRTAC-a verilən məlumata görə, ASK-ın vitse-prezidenti Vüqar Zeynalov, son 10 ildə ölkə iqtisadiyyatının davamlı inkişaf etdiyini, ölkəmizdə siyasi və makroiqtisadi sabitliyin hökm sürdüyünü, investorlar üçün əlverişli şərait yaradıldığını, sahibkarlıq fəaliyyətinin genişləndirildiyini tədbir iştirakçılarının nəzərinə çatdırıb. O, bir çox Avropa ölkələrində iqtisadi böhranın mövcudluğu fonunda ölkəmizin bu istiqamətdə inkişafını müsbət hal kimi dəyərləndirib.
“AZPROMO”-nun rəhbəri Rüfət Məmmədov ölkəmizdə yaradılmış əlverişli biznes mühiti və investisiya imkanlarına dair təqdimatla çıxış edib. Qeyd edilib ki, Azərbaycan bir sıra iqtisadi göstəricilər üzrə dünyada ilk yerlərdən birini tutur. Ehtiyat fondunun ümumi daxili məhsuldakı payına görə, Azərbaycan dünyada 9-cu yerdədir. Bu isə məhz Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafına bariz nümunədir.
Başqırdıstan Respublikasının ticarət sənaye palatasının vitse-prezidenti Pavel Barmin Azərbaycanla Başqırdıstan arasındakı işgüzar əməkdaşlığın hazırkı vəziyyəti və potensialı haqqında ətraflı məruzə ilə çıxış edib. İqtisadiyyatımızın bir çox sahəsinin oxşar olduğunu vurğulayan qonaq zəngin təbii ehtiyatlara malik olan Başqırdıstanda əsasən neft emalı və kimya sənayesinin inkişaf etdiyini deyib.
Rusiyada benzin istehsalı üzrə birinci yerdə olan bu respublika, kauçuk istehsalında ikinci yeri tutur. Başqırdıstanda həmçinin maşınqayırma, aviasiya mühərrikləri, dərman preparatları istehsalı da inkişaf edib. Azərbaycan ilə Başqırdıstan arasında ticarət həcminin ildə 62 milyon dollar təşkil etdiyini bildirən P.Barmin bu rəqəmi qat-qat artırmaq üçün imkanların olduğunu qeyd edib.
Sonda Başqırdıstan Respublikası və ASK, “AZPROMO” və Rusiya-Azərbaycan İşgüzar İqtisadi Klubu ilə ikitərəfli əməkdaşlıq razılaşmaları imzalanıb.