ELM VƏ TEXNOLOGİYA


Azərbaycan və Belarus arasında elmi-texniki əməkdaşlıq üzrə işçi qrupun ilk iclası keçirilib

A+ A

Bakı, 14 noyabr, AZƏRTAC

Noyabrın 14-də Bakıda Azərbaycan və Belarus arasında elmi-texniki əməkdaşlıq üzrə birgə işçi qrupun ilk iclası keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) AZƏRTAC-a bildiriblər ki, bu məqsədlə AMEA-nın rəyasət heyətində təşkil olunan tədbirdə tərəflər arasında innovasiya sahəsində əməkdaşlığın inkişaf mexanizmləri və perspektivləri müzakirə edilib.

Azərbaycan tərəfdən işçi qrupun sədri, AMEA-nın prezidenti, akademik Akif Əlizadə rəhbərlik etdiyi qurumun elmi müəssisələrində maddi-texniki bazanın gücləndirilməsi istiqamətində görülən işlərdən danışıb. O, AMEA ilə Belarusun elmi mərkəzləri arasında elmi-tədqiqat və innovasiya sahələrində iş birliyinin möhkəmləndirilməsinin, eləcə də müştərək layihə və inkişaf proqramlarının həyata keçirilməsinin önəmli olduğunu vurğulayıb.

Akademik A.Əlizadə Prezident İlham Əliyevin AMEA-nın Yüksək Texnologiyalar Parkının yaradılması haqqında müvafiq Sərəncamını xatırladıb. Bildirib ki, yerli və xarici elmi-tədqiqat və ali təhsil müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsi, elmi-texniki və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsi baxımından bu kimi müasir komplekslər olduqca əhəmiyyətlidir.

Sonra işçi qrupun Belarus tərəfdən rəhbəri, Belarus Respublikasının Dövlət Elm və Texnika Komitəsi sədrinin birinci müavini Andrey Kosovskiy ölkələrimiz arasında elm və təhsil sahəsində əlaqələrin inkişafından söz açıb. A.Kosovskiy Belarus Respublikasının innovativ infrastrukturuna dair təqdimatla çıxış edib.

İclasda, həmçinin fundamental tədqiqatlar sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, Azərbaycan ilə Belarus arasında birgə innovativ layihələr müsabiqəsinin elan edilməsi ilə bağlı müzakirələr aparılıb, rəy və təkliflər səsləndirilib.

İclas AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin sədrliyi ilə davam edib.

Sonda tərəflər arasında elmi-texniki əməkdaşlığa dair protokol imzalanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.