CƏMİYYƏT
Azərbaycan və Belarus tibb təhsili sahəsində əlaqələri genişləndirir
Bakı, 2 may, AZƏRTAC
Səhiyyə Nazirliyinin dəstəyi ilə Minsk şəhərində Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ) ilə Belarus Diplomdansonrakı Tibb Təhsili Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
ADHTİ-dən AZƏRTAC-a verilən məlumata görə, müqavilədə klinik və profilaktik təbabət, səhiyyənin təşkili və aktual problemlərinə dair birgə elmi tədqiqatların aparılması, seminarların keçirilməsi, diaqnostikanın, profilaktika və müalicənin yeni metodlarının tətbiqi məsələlərinin əlaqələndirilməsi nəzərdə tutulur. Müqaviləyə əsasən ADHTİ əməkdaşlarının Belarus Diplomdansonrakı Tibb Təhsili Akademiyasında aspirantura və ordinaturada, həmçinin qısamüddətli kurslarda təhsil almaları və təcrübə keçmələri mümkün olacaq. Tədrisin sonunda isə onlara hər iki ölkənin aidiyyəti qurumları tərəfindən tanınan müvafiq sənədlər veriləcək.
İmzalanma mərasimində görkəmli ictimai xadim, səhiyyə təşkilatçısı Əziz Əliyevin adını daşıyan institutun yaradılma tarixi və fəaliyyət istiqamətlərindən söhbət açılıb. Hazırda institutun 3 fakültə və 28 kafedrasında 34 elmlər doktoru, 127 tibb üzrə fəlsəfə doktoru, 8 əməkdar elm xadimi və 8 əməkdar həkimin çalışdığı diqqətə çatdırılıb. Eyni zamanda, ali tibb kadrlarının təkrar hazırlığı ilə məşğul olan iki qabaqcıl təhsil müəssisəsi arasında bağlanmış əməkdaşlıq müqaviləsinin uzun illər davam edəcəyinə və hər iki tərəfə fayda gətirəcəyinə əminlik ifadə olunub.
Qeyd edək ki, Belarus Diplomdansonrakı Tibb Təhsili Akademiyası 80 illik tarixi olan, həkimlərin fasiləsiz təkmilləşməsini və yenidən hazırlanmasını həyata keçirən elmi mərkəzdir. Hər il bu müəssisədə təxminən 17 min mütəxəssis təhsil alır.