İQTİSADİYYAT
Azərbaycan və Belarus yük aviareyslərinin yerinə yetirilməsi üçün əlavə imkanlar yaradacaq
Bakı, 30 iyun, AZƏRTAC
Azərbaycan və Belarus yük aviareyslərinin yerinə yetirilməsi üçün əlavə imkanların verilməsi barədə razılığa gəliblər.
Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasından AZƏRTAC-a bildirilib ki, bu razılıq Bakıda Azərbaycan Respublikası və Belarus Respublikasının mülki aviasiya nümayəndə heyətləri arasında baş tutan danışıqlar zamanı əldə olunub.
Danışıqların gedişində tərəflər hava nəqliyyatı sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər. Tərəflər təyin olunmuş aviaşirkətlərə kodlardan birgə istifadə haqqında müqavilələri imzalamaq hüququnun, həmçinin ölkələr arasında yük reyslərinin yerinə yetirilməsi üçün əlavə imkanların verilməsi barədə razılığa gəliblər.
Görüş iki ölkə aviaşirkətlərinin təmsilçilərinin iştirakı ilə ənənəvi dostluq şəraitində baş tutub. Danışıqlardan öncə “Azərbaycan Hava Yolları” QSC və “Belavia” aviaşirkətinin nümayəndələri arasında Protokol imzalanıb.
Belarus Respublikasının nümayəndə heyəti Azərbaycan Respublikasının bir sıra mülki aviasiya subyektlərinin fəaliyyəti ilə tanış olub.