CƏMİYYƏT


Azərbaycan və Bolqarıstan prokurorluqları arasında əməkdaşlıq uğurla davam etdirilir

Bakı, 12 iyun, AZƏRTAC

Azərbaycan və Bolqarıstan Baş prokurorluqları arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi məqsədilə iki ölkənin prokurorluq orqanları arasında imzalanmış əməkdaşlıq proqramına müvafiq olaraq iyunun 12-də Bolqarıstan Respublikasının baş prokuroru Sotir Tsatsarovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlib.

Baş prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində Fəxri xiyabana gələn Bolqarıstan nümayəndə heyətinin üzvləri müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edərək məzarı önünə əklil qoyub, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri düzüb.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarı üzərinə tər çiçək dəstələri düzərək “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Daha sonra Azərbaycan Respublikasının Baş Prokurorluğunda nümayəndə heyəti ilə görüş keçirilib.

Ölkələrimiz arasında səmərəli dostluq və əməkdaşlıq münasibətlərini vurğulayan baş prokuror Zakir Qaralov bu əlaqələrin inkişafında dövlət başçılarımızın xüsusi rolunu qeyd edib, hüquqi əlaqələrin dərinləşdirilməsi üçün böyük perspektivlərin olduğunu bildirib.

Baş prokuror Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı məhkəmə-hüquq islahatları, o cümlədən prokurorluğun fəaliyyəti üçün beynəlxalq-hüquqi standartlara cavab verən normativ-hüquqi bazanın yaradılması, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı səmərəli əlaqələrin qurulması, həmçinin qarşıda duran digər vəzifələr barədə ətraflı məlumat verib.

Baş prokuror Bolqarıstan nümayəndə heyətinin üzvlərinə həm inzibati, həm də vətəndaş-məmur münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edən qabaqlayıcı tədbirlər, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Azərbaycan brendi olan “ASAN xidmət” mərkəzlərinin şəbəkəsinin genişləndirilməsi barədə məlumat verərək, dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumun şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından da ciddi nailiyyətlər əldə etdiyini bildirib.

S.Tsatsarov Azərbaycana səfərdən məmnunluğunu ifadə edərək iki ölkə arasında qurulmuş ikitərəfli münasibətlərin yalnız hüquq-mühafizə orqanları arasında deyil, mədəni, iqtisadi və digər sahələrdə də yüksək təşəkkül tapdığını bildirib. Qeyd edilən əməkdaşlığın bariz nümunəsi kimi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkələrimizin bir-birinə daha da yaxınlaşması işinə əhəmiyyətli töhfə vermiş Bolqarıstanın Veliko Tırnovo mədəni layihəsində fəal iştirakını yüksək qiymətləndirən qonaq bu dəyərli təşəbbüsə görə Azərbaycan tərəfinə dərin minnətdarlığını ifadə edib.

Xoş sözlərə görə S.Tsatsarova təşəkkürünü bildirən baş prokuror Azərbaycan tarixinə müstəqil dövlət qurucusu kimi daxil olmuş ümummilli lider Heydər Əliyevin adını daşıyan Fondun Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, Azərbaycan xalqının maddi rifahının yaxşılaşması naminə böyük işlər gördüyünü, eləcə də digər ölkələrdə müxtəlif sosial-mədəni təşəbbüslərlə çıxış etdiyini, genişmiqyaslı xeyriyyəçilik fəaliyyəti ilə məşğul olduğunu xüsusi vurğulayıb.

Görüşdə, həmçinin iki ölkənin prokurorluq orqanları arasında sıx əməkdaşlığın müxtəlif aspektləri üzrə faydalı fikir mübadiləsi aparılıb, dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi məqsədilə Azərbaycan və Bolqarıstan Baş prokurorluqları arasında imzalanmış “Korrupsiyaya qarşı mübarizədə milli təcrübələrin öyrənilməsi” mövzusunda birgə fəaliyyət planı çərçivəsində ölkələrimizin nümayəndə heyətlərinin cari ilin mayında baş tutan qarşılıqlı işgüzar səfərlərinin əhəmiyyəti qeyd edilib, əməkdaşlıq imkanlarının perspektivləri müzakirə edilib və birgə səmərəli fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.

Nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.