İQTİSADİYYAT
Azərbaycan və Britaniya neft-qaz şirkətlərinin əməkdaşlığı müzakirə edilir
Bakı, 29 noyabr, AZƏRTAC
Noyabrın 29-da SOCAR-ın inzibati binasında ölkəmizdə səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Nikolsonun başçılıq etdiyi neft-qaz sənayesinin müxtəlif sahələrində fəaliyyət göstərən 25-dən çox Britaniya şirkətinin təmsilçilərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfər proqramının rəsmi açılış tədbiri keçirilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirib ki, noyabrın 29-dan dekabrın 1-dək davam edəcək səfərin əsas məqsədi neft-qaz sənayesində fəaliyyət göstərən yerli şirkətlər ilə Britaniya şirkətləri arasında əməkdaşlıq perspektivlərinin müəyyən olunması və mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsidir.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Nikolson, SOCAR-ın geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov və “BP-Azerbaijan” şirkətinin vitse-prezidenti Joe Murphi iki ölkə arasında mövcud əməkdaşlığın tarixindən, cari və gələcək layihələrdən söhbət açıb, tədbirdə iştirak edən yerli və Britaniya şirkətlərinin nümayəndələrinin suallarını cavablandırıblar.
Sonra yerli biznes mühitinin inkişafı naminə son dövrlərdə SOCAR-ın təşəbbüsü ilə qanunvericilikdə edilən dəyişikliklər, Azərbaycanda biznes mühiti, makroiqtisadi göstəricilərin artım tempi, neft-qaz sənayesi, mövcud və gələcək layihələr, layihələrdə yerli resurslardan istifadənin artırılması məqsədilə yerli və beynəlxalq şirkətlər arasında əməkdaşlığın əhəmiyyəti barəsində tədbirə dəvət olunmuş yerli və beynəlxalq şirkətlər üçün biznes-təqdimat keçirilib.
Birləşmiş Krallığın Beynəlxalq Ticarət Departamentinin əməkdaşları səfər proqramının məqsədləri və həyata keçirilən layihə haqqında məlumat veriblər. Müvafiq Britaniya şirkətlərinin Azərbaycanda həyata keçirdikləri biznes fəaliyyət planları və məqsədlərinə həsr olunan təqdimat təqdim edilib və müzakirə olunub. Qarşıdakı günlərdə nümayəndə heyətinin Azərbaycanda fəaliyyət göstərən beynəlxalq şirkətlərin iştirakı ilə yaradılmış müəssisələrə səfərləri davam etdiriləcək.