SİYASƏT


Azərbaycan və Çin həssas məsələlərdə bir-birini dəstəkləyir VİDEO

Pekin, 25 may, AZƏRTAC

Azərbaycanın Çindəki səfirliyi 28 May – Respublika Günü münasibətilə Pekində rəsmi qəbul təşkil edib.

Çinin dövlət və hökumət rəsmilərinin, diplomatların, bu ölkədə yaşayan soydaşlarımızın, yerli ictimaiyyətin nümayəndələrinin iştirak etdikləri tədbirdə əvvəlcə Azərbaycanın və Çinin dövlət himnləri səslənib.

Azərbaycanın Çindəki müvəqqəti işlər vəkili Mətin Mirzə xalqımızın azadlıq arzusunun XX əsrin əvvəlində Azərbaycan Xalq Cümhuriyyətinin timsalında həyata keçdiyini qeyd edərək, qısa müddətdə milli dövlətin qazandığı nailiyyətlərdən danışıb.

Diplomat XX əsrin sonunda müstəqilliyini bərpa edən Azərbaycanın ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçdiyini, güclü iqtisadiyyatı olan müasir dövlətə çevrildiyini bildirib.

Mətin Mirzə Azərbaycan ərazisinin 20 faizinin qonşu Ermənistan tərəfindən işğalı faktına toxunaraq, münaqişənin həlli istiqamətində danışıqların bir nəticə vermədiyini diqqətə çatdırıb.

Azərbaycan-Çin münasibətlərindən söz açan diplomat deyib ki, bu il həm də iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümüdür. Hər iki ölkə həssas məsələlərdə bir-birini dəstəkləyir, qarşılıqlı siyasi etimad daim güclənir.

Çin Xarici İşlər Nazirliyinin rəsmisi Fan Run hökumət adından Azərbaycan xalqını milli bayram münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb.

Diplomat müstəqillik illərində Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi sabitliyi, dinamik iqtisadi inkişafı təmin edərək müxtəlif sahələrdə böyük uğurlara imza atıb. Çin dost və tərəfdaş ölkə kimi Azərbaycanın bu uğurlarına sevinir.

İki ölkə arasında münasibətlərin hər iki xalqın mənafeyinə uyğun olaraq daim inkişaf etdiyini diqqətə çatdıran Fan Run, bu il diplomatik əlaqələrin yaranmasının 25-ci ildönümünün Azərbaycanda və Çində yüksək səviyyəli tədbirlərlə qeyd olunduğunu deyib. Bildirib ki, ölkəsi Azərbaycanı “Bir kəmər – bir yol” strategiyasında vacib ölkə kimi qiymətləndirir.

Tədbir iştirakçılarına Azərbaycan haqqında nəşrlər, o cümlədən “İrs” və “Baku” jurnalının nüsxələri paylanılıb.

Mərasim çərçivəsində Azərbaycan istehsalı olan şərabların təqdimatı olub.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.