İQTİSADİYYAT
Azərbaycan və Cibuti arasında mülki aviasiya sahəsində mühüm razılaşmalar əldə olunub
Bakı, 1 dekabr, AZƏRTAC
Azərbaycan və Cibuti arasında mülki aviasiya sahəsində mühüm razılaşmalar əldə olunub.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, razılaşmalar “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərovun noyabrın 29-30-da Cibuti Respublikasına səfəri zamanı baş tutub.
Səfər çərçivəsində Cahangir Əsgərov Cibuti Respublikasının bir sıra yüksək səviyyəli rəsmi şəxsləri ilə görüş keçirib.
Noyabrın 30-da Cibuti Respublikasının Prezidenti İsmayıl Ömər Qelle ilə görüşən “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti QSC haqqında ətraflı məlumat verib. Eyni zamanda, Cahangir Əsgərov ölkələr arasında əməkdaşlıq üçün güclü potensialın mövcudluğunu vurğulayaraq, gələcəkdə Azərbaycan-Cibuti münasibətlərinin daha da inkişaf edəcəyini bildirib.
Cibuti Respublikasının Prezidenti İsmayıl Ömər Qelle öz növbəsində ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini vurğulayıb. Həmçinin Prezident Cibutinin daim qardaş Azərbaycanı hər bir sahədə dəstəklədiyini bildirib.
Daha sonra "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov Cibuti Ticarət Limanı və Azad Ticarət Zonasının sədri Əbubəkr Ömər Hadi ilə görüş keçirib.
Görüşlər zamanı yeni Cibuti beynəlxalq hava limanı layihəsinin təqdimatı baş tutub və Azərbaycan şirkətlərinin buradakı inşaat işlərində iştirak imkanları müzakirə olunub.
Bundan əlavə, “Azərbaycan Hava Yolları” ilə Cibuti aviaşirkətləri arasında əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb. İmzalama mərasimindən sonra şirkətlərin rəhbərləri mətbuata açıqlama veriblər.
Cahangir Əsgərovun Cibutiyə səfəri zamanı həmçinin Bakı-Cibuti arasında yükdaşımalar üzrə aviareysin açılması və eyni zamanda Azərbaycan-Cibuti müştərək yükdaşımalar şirkətinin yaradılması barədə razılıq əldə edilib.